Aİ rəsmisi: "Orta Dəhliz regional əlaqənin təmin edilməsində böyük əhəmiyyət daşıyır"

Aİ rəsmisi: "Orta Dəhliz regional əlaqənin təmin edilməsində böyük əhəmiyyət daşıyır" Avropa İttifaqının (Aİ) təxminən 90 milyon avro ayırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiyada regional qarşılıqlı əlaqənin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.
İnfrastruktur
28 mart 2025 12:09
Aİ rəsmisi: Orta Dəhliz regional əlaqənin təmin edilməsində böyük əhəmiyyət daşıyır
Kaya Kallas

Avropa İttifaqının (Aİ) təxminən 90 milyon avro maliyyə vəsaiti ayırdığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) Mərkəzi Asiyada regional qarşılıqlı əlaqənin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır.

“Report” xəbər verir ki, bunu xarici KİV-ə müsahibəsində Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Asiya təkcə resursları və regional sabitlik üçün coğrafi əhəmiyyəti baxımından deyil, həm də investisiya potensialı baxımından böyük əhəmiyyət daşıyır:

“Məhz buna görə də Aİ Mərkəzi Asiyada inkişaf məqsədləri üçün yardım göstərilməsində birinci yeri tutur. TBNM layihəsinə dəstəyimizdən tutmuş regionda rəqəmsal texnologiyaların inkişafına investisiyalara qədər hər iki tərəf üçün çoxlu imkanlar görürük”.

Ali nümayəndə qeyd edib ki, Ukraynadakı münaqişə başlayandan sonra Aİ Rusiya ərazisindən yan keçən alternativ, etibarlı və səmərəli ticarət və nəqliyyat marşrutları axtarmağa başlayıb:

“Ötən il Aİ regionda prioritet nəqliyyat layihələrinin həyata keçirilməsi gedişini müzakirə etmək məqsədilə hökumət nümayəndələrini, donorları və inkişaf banklarını birləşdirən xüsusi platforma yaradıb. Buraya, məsələn, Aktau və Türkmənbaşı limanlarının modernləşdirilməsi kimi layihələr daxildir”.

Xatırladaq ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi