Azərbaycanda dəmir yolu sərnişinlərinin 70 %-i səfərini maksimum 10 gün əvvəlcədən planlaşdırır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
"Noyabrın 1-dən dinamik tarif siyasətinə keçmişik. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50 %-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20 %-i isə 3 gün qalmış əldə edirlər. Beləliklə, 70 % sərnişin maksimum 10 gün əvvəlcədən səfərlərini planlaşdırır. Tövsiyə edərdik ki, insanlar səfərlərini daha öncədən planlaşdırsınlar və bizim 15 %-lik endirimimizdən faydalansınlar", - deyə o qeyd edib.
Bundan başqa, R.Rüstəmov deyib ki, artıq dəmir yolunda məsafəyə uyğun ödənişlər həyata keçirilir. "Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi də artıq bir neçə dəmir yolu stansiyasında test rejimindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".