“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ixrac rejimində yeni növ yüklərin nəqlinə başlayıb.
Bu barədə “Report”a MMC-dən bildirilib.
Məlumata görə, Azərbaycanın ixrac potensialının artırılmasına yönəlmiş növbəti layihənin gerçəkləşdirilməsində bir sıra yeniliklər tətbiq edilib. Yeniliklər həm yük növünə həm də seçilən marşruta aiddir.
Bu dəfə "ADY Express" “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen məhsulu Qazaxıstana nəql edib. Əvvəlki daşımalardan fərqli olaraq, marşrut Xəzər dənizi vasitəsi ilə yox, Rusiya ərazisindən keçib. Belə ki, "ADY Express" şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstanın Almatı və Kokşetau şəhərlərinə çatdırılıb. Yeni marşrutun əsas üstünlükləri, sürət və nəqliyyat növünün dəyişməməsi olub.
Qeyd edək ki, test rejimində nəql olunan yüklərin ilk partiyası artıq təyinat nöqtəsinə çatdırılıb. Uğurla keçən nəqliyyat prosesi, layihənin davamlı olacağına əminlik yaradıb.