Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılışı olub

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılışı olub Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.
İncəsənət
4 İyun , 2018 12:07
Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılışı olub
Report
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılış mərasimi keçirilib.

"Report"verir ki, açılışda mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və yarışmanın münsifləri iştirak ediblər.

Açılışda çıxış edən Ə.Qarayev bildirib ki, Azərbaycanda Bülbül adına festivalın keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib: "Bu müsabiqədə iştirak etmiş insanların arasında bu gün dünyanın opera səhnələrində çıxış edən onlarla insanlar var. Bu müsabiqə gənclərin gələcək yaradıcılıq fəaliyyətinə bir qapıdır, açar onların öz əllərindədir. İstedad, bacarıq varsa onlar öz yollarını tapacaqlar".

P.Bülbüloğlu deyib ki, belə bir müsabiqənin keçirilməsi bütün region üçün böyük hadisədir: "Bu gənc ifaçılar üçün bir imkandır. Bülbül ailəsi adından Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Müsabiqənin əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Əməyi keçən insanlara təşəkkür edirəm".

Daha sonra münsiflər heyətinin sədri, Rusiyanın xalq artisti, professor Sergey Leyferkus çıxış edərək münsiflər heyətinin üzvlərini təqdim edib. O deyib ki, münsiflər heyətinə Azərbaycandan SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili, SSRİ xalq artisti, ukraynalı professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray daxildir.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqənin seçim turları iyunun 4-7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. İyunun 4-6-da müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.

Son xəbərlər

Orphus sistemi