Sumqayıt Teatrında "Hacı Qara" komediyası hazırlanır

Sumqayıt Teatrında "Hacı Qara" komediyası hazırlanır Teatr yeni ilə yeni premyera ilə gəlir
İncəsənət
22 Dekabr , 2014 11:14
Sumqayıt Teatrında Hacı Qara komediyası hazırlanır

Bakı. 22 noyabr.REPORT.AZ/ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşaların məşqlərinə başlayıb.

Bu barədə "Report"a Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib.

Direktorun sözlərinə görə, hazırda Sumqayıt Teatrında görkəmli dramaturq M.F.Axundovun "Hacı Qara" komediyası hazırlanır. Tamaşanın məşqlərinə başlanılıb. Əsər tamaşaçılara 2015-ci ildə təqdim ediləcək.

Yeni ilin ilk günlərində isə yazıçı Hüseynbala Mirələmovun "Vicdanın hökmü" əsəri əsasında hazırlanan tamaşanın premyerası olacaq. Yanvarın 10-da nümayişi gözlənilən tamaşanın rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur. Rolları Ulduzə Nəsir, Mətləb Səfərli, İlahə Səfərli, Habil Xanlarov və başqaları ifa edəcək.

Xatırladaq ki, Sumqayıt Teatrına 2015-ci ilin aprel-may aylarında Bolqarıstandan dəvət edilmiş rejissor Xristo Stoyçev gəlir. Bolqar rejissor teatrın səhnəsində U.Şeksprin "Otello" tamaşasına quruluş verəcək.

Teatrın baş rejissoru Firudin Məhərrəmov Nobel mükafatı laureatı A.Kamyunun "Kaliqula" əsəri əsasında tamaşa hazırlamağa hazırlaşır. Teatr direktorunun sözlərinə görə, tamaşanın məşqlərinə 2015-ci ilin yaz-yay aylarında başlanacaq.

Hazırda isə teatr Sumqayıt tamaşaçıları üçün "Qış nağılı" adlı yeni il tamaşasını hazırlayır. Tamaşa dekabrın 29, 30 və 31-də balacalara  təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi