Bakı. 31 oktyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olunub.
Mədəniyyət Nazirliyindən "Report"a verilən xəbərə görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, xalq artisti Azərpaşa Nemətov, ölkənin teatr ictimaiyyətinin nümayəndələri və şəhər ziyalıları iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə teatrın foyesində açılan sərgi ilə tanış olublar. Yubiley tədbiri Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu gün təkcə Sumqayıt üçün deyil, ölkənin mədəniyyət aləmi üçün böyük bayramdır: "Fəxrlə deyirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış teatr insanları ilk addımlarını bu teatrın səhnəsində atıblar".
Nazir Sumqayıt teatrının kollektivi, ölkənin mədəniyyət ictimaiyyəti adından teatra göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. Ə.Qarayev teatrın 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamına əsasən fəxri ad və "Tərəqqi" medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim edib.
Qeyd edək ki, Sumqayıt teatrı kirayənişin kimi məskunlaşdığı “Kimyaçı” Mədəniyyət sarayı Prezident İlham Əliyevin sərəncamı ilə teatrın balansına keçirilib, tikildiyi vaxtdan keçən 60 il ərzində ilk dəfə əsaslı təmir edilərək, yaradıcı kollektivin ixtiyarına verilib. 1968-ci ildə hələ iyirmi yaşı tamam olmamış gənc Sumqayıt şəhərində mədəniyyət ocaqlarının tikilməsi, gənclərin dram dərnəklərinə həvəs göstərməsi, sənaye şəhərinin sürətlə böyüməsi əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün teatrın yaranmasını vacib amilə çevirirmişdi. Gənclik şəhərində teatrın yaradılması barədə respublika Nazirlər Sovetinin sərəncamına əsasən, mədəniyyət naziri Rauf Hacıyevin əmri ilə 1 avqust 1968-ci ildə fəaliyyətə başlayan sənət ocağına o dövrün tanınmış teatr xadimləri, cavan rejissorlar üz tuturlar. Dövlət Gənclər Teatrı kimi işə başlayan kollektiv ilk tamaşanı 1969-cu il may ayında oynayıb. Yeni teatrın ilk səhnə əsəri isə Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası olub.