Sofa Bəsirzadənin 100 illik yubileyi münasibətilə anım tədbiri keçirilib

Sofa Bəsirzadənin 100 illik yubileyi münasibətilə anım tədbiri keçirilib “Müfəttiş” tamaşası nümayiş olunu
İncəsənət
9 İyun , 2018 12:02
Sofa Bəsirzadənin 100 illik yubileyi münasibətilə anım tədbiri keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibətilə anım tədbiri keçirilib. 

Teatrdan "Report"a verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Sofa Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb. O qeyd edib ki, teatr məktəbində onun çox gözəl müəllimləri olub. O vaxtlar teatr məktəbində Cəfər Cabbarlı, Hüseyn Cavid, Hacıağa Abbasov kimi böyük insanlar dərs deyib. Sofa xanım bütün janrlarda çıxış etməyi bacaran sənətkar olub. Mən onun bir sıra rollarını görmüşəm, bizim çox gözəl münasibətimiz olub. Sofa xanım təkcə aktrisa kimi yox, insan kimi də yüksək mənəvi keyfiyyətlərə malik olub. Sofa xanım 40-dan çox filmlərə çəkilib, yüzdən çox tamaşada rol alıb”.

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal Sofa Bəsirzadə haqqında geniş çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər. Onlar Sofa Bəsirzadənin sənətkar kimi böyüklüyündən, insani keyfiyyətlərində danışıb, onun xatirəsinin sənətsevərlərin qəlbində əbədi yaşayacağını deyiblər.

Sofa Bəsirzadənin ailəsi adından çıxış edən Camal Vəzirov və İradə Vəzirova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunub.

Qeyd edək ki, Sofa Bəsirzadə 1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. O, 2000-ci il yanvarın 4-də Bakıda vəfat edib.

Son xəbərlər

Orphus sistemi