Rəşid Behbudov adına Mahnı Teatrından - REPORTAJ
- 14 dekabr, 2016
- 06:43
Dünya şöhrətli sənətkarın dünyaya göz açmasından 101 il ötür
Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın dünya şöhrətli estrada və opera müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 101 ili tamam olur. Bu münasibətlə "Report"un əməkdaşları Rəşid Behbudov adına Mahnı Teatrında olub, yaradıcı kollektivin fəaliyyətini yaxından izləyib.
Bu gün Rəşid Behbudovun yüz illiyi münasibətilə hazırlanan kompozisiya nümayiş etdiriləcək
Həmin gün tamaşa olmadığından giriş qapısı bağlı idi. Ona görə də biz binaya arxa qapıdan daxil olduq. Bizi Rəşid Behbudov adına Mahnı Teatrının direktor müavini İlqar Musayev qarşıladı və incəsənət ocağı ilə yaxından tanış olmağımıza bələdçilik etdi.
Binaya daxil olduğumuz zaman bütün otaqlarda məşqlər gedirdi: tamaşa, kiçik orkestr, rəqs məşqləri və s.
Nəhayət, tamaşa zalına gəlib çatdıq. Burada orkestr məşqi gedirdi. Dirijorun arada bir məşqi saxladığını, alətləri yenidən yoxlamasını tapşırdığını, musiqiçilərə irad bildirdiyini müşahidə edirik. Sən demə dirijor sənəti düşündüyümdən daha çətin imiş...
Tamaşaçılar sırasına nəzər salanda yalnız bir nəfərin əyləşdiyini gördüm. Həmin şəxs dirijor assistenti Zülfiyyə Mövsümova idi. O, bizə zalda gedən hazırlıq barədə məlumat verərək bildirdi ki, hazırda Rəşid Behbudovun yüz illiyi münasibətilə hazırlanan kompozisiyanın məşqləri gedir (kompozisiya bu gün nümayiş etdiriləcək).
“Rəşid Behbudovun nadir ifalarından olan "Əlvida" musiqisi səsləndiriləcək”
Məşqlər bitəndən sonra dirijor Azər Allahverdiyevə yaxınlaşdıq. O, üç ildir Rəşid Behbudov adına Mahnı Teatrında işlədiyini və sabahkı konsertin ikinci ən böyük çıxış olacağını bildirir: “Konsert proqramı "Arşın mal alan"ın musiqilərindən ibarət fantaziya ilə başlayacaq. Konsertdə 6 əsərlə çıxış edəcəyik. Burada balaban, nağara, zurna, qanun, tar kimi milli alətlərimiz də olacaq. Millilik bizim üçün vacibdir. Konsertdə Rəşid Behbudovun nadir ifalarından olan "Əlvida" musiqisi də səsləndiriləcək. Əminəm ki, bu konsert haqqında uzun müddət danışılacaq".
"Mahnı Teatrı təsadüfən sənətə yolu düşənlərin yeri deyil"
Rəşid Behbudov adına Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov hazırda incəsənət ocağında ölməz sənətkarın üslubunu bərpa etməyə çalışdıqlarını söylədi: “Burada fasilələrlə olsa da, uzun müddətdir işləyirəm. Teatra gəldiyim gündən çox şey dəyişib. Üç il bundan əvvəl incəsənət ocağının öz orkestrinin qurulması istiqamətində təklif gəldi. Ötən 3 il ərzində orkestin keçirdiyi bütün konsertlər Rəşid Behbudovun adına olub. Əgər sənətkar özü sağ olsaydı, bu orkestri çox bəyənərdi".
O, Rəşid Behbudov adına Mahnı Teatrında qarşıdan gələn Yeni il bayramında uşaqlar üçün yeni tamaşalar hazırlandığını vurğuladı: “Ümumilikdə teatrda ay ərzində 15-20 səhnə əsəri hazırlanır. Ancaq il sonunda böyüklər üçün hansısa tamaşanın hazırlanması planlaşdırılmır. Çünki böyüklər bayram günü daha çox yeyib-içməyə, estrada müğənnilərinə qulaq asmağa meyil göstərirlər. Teatr isə restoran deyil. Nə vaxtsa teatra tələbat olsa, əlbəttə böyüklər üçün də yeni tamaşalar hazırlanacaq. Bizdə gənclər və təcrübəli işçilər yan-yana işləyirlər. Perspektivi olanları dəstələyirik. Bura təsadüfən sənətə yolu düşənlərin yeri deyil”.
Muzeyə çevrilən şəxsi otaq
Növbəti bələdçimiz Zülfiyyə Mövsümova oldu. O, bizi Mahnı Teatrının nəzdində yaradılmış Rəşid Behbudovun xatirə muzeyinə apardı. Bura əvvəllər xalq artistinin şəxsi otağı olub. Muzeyin yeni açıldığını deyən müsahibimiz qeyd etdi ki, ziyarətçiləri hələlik azdır. Xatirə muzeyində Rəşid Behbudovun müxtəlif qastrol səfərlərindən gətirdiyi əşyalar saxlanılır. Zülfiyyə Mövsümova deyir ki, əşyaların bəziləri ailəsindən alınıb, bəziləri də əvvəldən elə burada olub.
Azərbaycanı dünyada tanıdan sənətkar

Rəşid Behbudovla 23 il bir yerdə çalışmış, müxtəlif qastrol səfərlərində olmuş qarmon ifaçısı, xalq artisti Kamil Vəzirov sənətkarla bağlı bəzi xatirələrini bölüşdü: “Rəşid Behbudov haqqında danışmaq nə qədər çətindirsə, bir o qədər də asandır. Bu insan anadan olandan son nəfəsini verənədək Azərbaycanı dünyada tanıtmaq üçün əmək sərf edib. Onunla bağlı xatirələrim çoxdur. Xatirələrin hər biri digərindən maraqlıdır. Məsələn, bir dəfə Pakistanda konsert zamanı maraqlı hadisə ilə qarşılaşdıq. Pakistanda konsert üçün hazırlıq işləri görülmüşdü. Hər kəs yerdə oturub konsertin başlamağını gözləyirdi. Qəflətən konsert salonuna əsgərlər daxil oldu və ətrafı yoxlamağa başladılar. Onlar konsertin keçiriləcəyi yerə bomba qoyulması haqqında məlumat daxil olduğunu bildirdilər. Ancaq axtarışlar heç bir nəticə vermədi. Sən demə, bizi Pakistanda partizan kimi təqdim ediblər və səhnəyə çıxanda bizi daşlamaları üçün onlara daş veriblər. Konsertə 5 minə yaxın adam gəlmişdi. Hadisədən xəbərdar olan Rəşid Behbudov səhnəyə çıxaraq “Əssəlamun aleykum” deyərək qonaqları salamladı. İnsanlar gözlədiklərindən fərqli bir səhnə ilə qarşılaşdıqları üçün təəccüblənmişdilər. Rəşid bizim kimliyimiz barədə onlara məlumat verdi və puştu dilində “Yaşasın Azərbaycan-Pakistan dostluğu” ifadəsini səsləndirdi. İnsanlar bunu eşidən kimi ayağa qalxıb onun sözlərini təkrarlayaraq alqışlamağa başladılar. Rəşid Behbudov belə bir insan idi. O, sənətini sevirdi buna görə də gözü heç nədən qorxmurdu”.
Foto: Elşən Baba