Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü təsvirlərin bərpasının, demək olar, mümkün olmadığını açıqlayıb.
"Report" xəbər verir ki, o, qayaüstü təsvirlərin daha çox qayanın aşınması, müəyyən bakteriyaların həmin qayaları məhv etməsi zamanı sıradan çıxdığını söyləyib:
"Məsələn, bizdə üzərinə "Roma" yazılan qaya parçası var. Bu yazı artıq məhv olmaq üzrədir. Onun qarşısını almaq üçün bir neçə versiya düşünürük, amma o versiyaların da sonrakı nəticəsi naməlumdur. Bu yaxınlarda Qazaxıstanda sırf bu mövzuda müzakirələr oldu. Belə bir təklif irəli sürüldü ki, qayalardakı təsvirlər üzərindən cızılmaqla bərpa olunsun. Ancaq biz bu təklifə dərhal etiraz etdik. Çünki qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz. Amma maraqlı burasıdır ki, onlar özləri bu üsuldan istifadə edirlər".