Müslüm Maqomayev yad edilib

Müslüm Maqomayev yad edilib Dünya şöhrətli müğənninin 73 yaşı tamam olur
İncəsənət
17 Avqust , 2015 18:50
Müslüm Maqomayev yad edilib

Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 17-si Azərbaycanın və SSRİ-nin xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqomayevin doğum günüdür.

"Report" xəbər verir ki, bu münasibətlə müğənninin doğum günü Bakıda, Fəxri Xiyabanda qeyd edilib.

Mərasimdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Rusiyanın Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, kinorejissor Eldar Quliyev, sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.  

Səfir Vladimir Doroxin çıxış edərək bildirib ki, Müslüm Maqomayev bütün ömrü boyu Azərbaycan və Rusiya arasındakı dostluğa xidmət etdi: "Bu dostluğu həmişə möhkəmləndirməyə səy göstərdi və bunu bacardı". Diplomat M.Maqomayevə həsr edilmiş bir şeir səsləndirməklə çıxışını yekunlaşdırıb. 

M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya isə çıxışında illər ötsə də, Müslüm Maqomayevin unudulmağından şad olduğunu deyib: "Bu gün Müslümün 73 yaşı tamam olur. Ancaq mən belə hesab edirəm ki, onun 73 deyil, 37 yaşı tamam olur".

Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.

Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. 

Son xəbərlər

Orphus sistemi