Musiqili Teatrda “Qodonun intizarında” əsəri əsasında tamaşa hazırlanır

Musiqili Teatrda “Qodonun intizarında” əsəri əsasında tamaşa hazırlanır Bakı. 15 may. REPORT.AZ/ Musiqili Teatrda Absurd teatrın yaradıcılarından olan Semuel Bekketin “Qodonun intizarında” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir.
İncəsənət
15 May , 2018 11:01
Musiqili Teatrda “Qodonun intizarında” əsəri əsasında tamaşa hazırlanır
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Musiqili Teatrda Absurd teatrın yaradıcılarından olan Semuel Bekketin “Qodonun intizarında” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsər bir çox nüfuzlu teatr arenalarında nümayiş olunsa da, musiqili teatrlarda heç vaxt oynanılmayıb.

Dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini Azərbaycanda əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev yazıb.Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

Ə.Lalayev bildirib ki, Fərəc Qarayevin “Qodonun intizarı” simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan olmaqla 5 obraz var: "Hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqqda məlumat verilmir. Qodo söz verib ki, Estraqon və Vladimirlə görüşsün və onlara nəsə versin. Amma bu “nəsə” nədir? Ölüm? Qurtuluş? Onların yaşamaqları üçün səbəb? Amma ortada bir şey var ki, Estraqon və Vladimir Qodonu nə üçün gözlədiklərini unudublar...”

Tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.

Səhnə əsərində rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edirlər.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Son xəbərlər

Orphus sistemi