Moskvada “1940-1950-ci illərin dəzgah heykəltaraşlığı” adlı sərgi açılıb

Moskvada “1940-1950-ci illərin dəzgah heykəltaraşlığı” adlı sərgi açılıb Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “1940-1950-ci illərin dəzgah heykəltaraşlığı” adlı sərgi açılıb.
İncəsənət
18 Mart , 2023 16:19
Moskvada “1940-1950-ci illərin dəzgah heykəltaraşlığı” adlı sərgi açılıb

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “1940-1950-ci illərin dəzgah heykəltaraşlığı” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, sərgi Heydər Əliyev Fondunun və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Rusiya Dövlət Şərq Muzeyi ilə Azərbaycan Pavilyonunun birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə Azərbaycanın məşhur heykəltaraşlarının Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş əsərləri nümayiş etdirilir.

Ekspozisiyaya Azərbaycanın Xalq rəssamları Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov və Pinxos Sabsay, SSRİ Rəssamlar İttifaqının üzvü Elcan Şamilov və Hüseyn Əhmədovun işləri daxil edilib.

Ekspozisiyanın açılışında çıxış edən pavilyonun direktoru Səadət Qədirova sərginin təşkilində göstərdiyi dəstəyə görə Dövlət Şərq Muzeyinə və onun direktoru Aleksandr Sedova minnətdarlığını bildirib.

Azərbaycanın Rusiyadakı Səfirliyinin müşavir-elçisi Aqşin Əliyev sərginin açılışı münasibətilə qonaqları təbrik edib, səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb.

Dövlət Şərq Muzeyinin direktoru Aleksandr Sedov bu işləri muzeyin saxlanclarında tapdıqlarını və onların 1950-1960-cı illərdə muzeyin kolleksiyasına daxil edildiyini bildirib.

O, Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıqdan danışıb, dəzgah heykəltaraşlığının nümunələrinin bərpasında iştirakına görə fonda təşəkkür edib.

Sərginin açılışında diplomatik korpusun nümayəndələri, Rusiyanın və Azərbaycanın ictimai-siyasi xadimləri, iş adamları iştirak ediblər.

Tədbirin sonunda qonaqlar üçün musiqili proqram, Novruz bayramı münasibətilə şirniyyat qonaqlığı təşkil edilib.

Son xəbərlər

Orphus sistemi