Lənkəran teatrında əməkdar artistlə vida mərasimi keçirilib - FOTO

Lənkəran teatrında əməkdar artistlə vida mərasimi keçirilib - FOTO Onun cənazəsi dəfn olunmaq üçün Bakıya yola salınıb
İncəsənət
23 Yanvar , 2017 16:25
Lənkəran teatrında əməkdar artistlə vida mərasimi keçirilib - FOTO

Lənkəran. 23 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində əməkdar artist Təvəkkül Əliyevlə vida mərasimi keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, vida mərasimi sənətkarın 44 il səhnəsində özünəməxsus obrazlar yaratdığı Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutub.

Mərasimdə Lənkəran Şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, teatr kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. 

Vida mərasimində Azərbaycanın xalq artisti Qabil Quliyev çıxış edərək mərhum sənətkarın həyat və yaradıcılıq yoluna qısa nəzər salıb. 

Digər çıxış edənlər də Təvəkkül Əliyevin Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu söyləyiblər. Onun teatr səhnəsində yaratdığı rollarla yanaşı milli kino səlnaməsində də öz yeri olduğunu qeyd edilib. Çıxışçılar mərhumun yaxınlarına, xüsusən də bu illər ərzində shnədə çiyin-çiyinə çalışdığı həyat yoldaşı xalq artisti Böyükxanım Əliyevaya başsağlığı veriblər. Mərhumun cənazəsi Bakı şəhərində dəfn olunmaq üçün yola salınıb.

Xatırladaq ki, əməkdar  artist Təvəkkül Əliyev bu gün səhər saatlarında, 65 yaşında ürəktutmadan vəfat edib.

O, 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib. Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.

O, 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi