Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sərt xüsusi karantin rejimindən sonra ilk tamaşa keçirilib.
"Report" xəbər verir ki, 90-cı yubiley mövsümünü yaşayan sənət ocağı "Cırtdan" tamaşası ilə teatrsevərlərin qarşısına çıxıb.
Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirən Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunub.
Xatırladaq ki, istər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunub.
Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlər isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla teatrın repertuarındakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.
Xatırladaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.