“İçəri Şəhər” filmi Los-Ancelesdə festivalda nümayiş etdiriləcək

“İçəri Şəhər” filmi Los-Ancelesdə festivalda nümayiş etdiriləcək Filmi ssenari müəlifi və baş rolun ifaçısı Təhminə Rafaella təqdim edəcək
İncəsənət
12 Aprel , 2017 15:29
“İçəri Şəhər” filmi Los-Ancelesdə festivalda nümayiş etdiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına (SEEfest) dəvət alıb. 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından “Report”a verilən məlumata görə, 27 aprel-4 may tarixlərində Los-Ancelesdə keçirələcək festivalda filmi ssenari müəlifi və baş rolun ifaçısı Təhminə Rafaella təqdim edəcək. 

Festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominantdır.

SEEfest Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasına xidmət edir.

“İçəri Şəhər” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Qeyd edək ki,  ekran əsəri ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalının Remi mükafatına nominant elan olunub. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi