Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin sərgisi açılıb Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.
İncəsənət
14 Aprel , 2023 11:18
Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində türkiyəli rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.

“Report” xəbər verir ki, açılışda çıxış edən Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu vurğulayıb:

“Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.

Qeyd edək ki, “Rəsmin şairi” adlandırılan Devrim Erbilin əsərləri Türkiyənin və dünyanın bir çox muzey və kolleksiyalarında yer alıb. Tanınmış fırça ustasının indiyədək ölkəsində və xaricdə yüzlərlə fərdi, həmçinin qrup şəklində sərgisi açılıb.

1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb və yaradıb. Bu şəhərə bağlılıq onun yaradıcılığından da yan keçməyib. Belə ki, Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan Devrim Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Heydər Əliyev Mərkəzindəki ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir.

Abstraksionist rəssam kimi tanınan Devrim Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rahmi Eyüboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını daha sonra London və Parisdə davam etdirib.

Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı (Devlet sanatçısı) adına layiq görülüb, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.

Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifidir, dünya üzrə konfranslar və seminarların təşkilatçısıdır, radio və televiziyada fəal işi ilə tanınır.

Devrim Erbilin Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi