Bakı. 16 yanvar. REPORT.AZ/ Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib.
"Report" xəbər verir ki, film aprel şəhidlərinin xatirəsinə həsr olunub.
Qarabağ mövzusunda çəkilmiş filmin ssenari müəllifi və baş prodüseri Rza Rzayev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, bəstəkarı Vyaçeslav Şulin, prodüseri Mahir Canasdır.
Filmdə rolları Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları ifa ediblər.
Ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır.
Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.