Bakı. 18 yanvar. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrı Ukraynanın Dneprodzerjinsk şəhərində keçiriləcək “Klassika bu gün” adlı festivala dəvət alıb.
Bunu "Report"a açıqlamasında teatrın direktoru Əli Qasımov bildirib.
Onun sözlərinə görə, mayın 23-də keçiriləcək festivalda Gəncə Teatrı Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasını nümayiş etdirəcək. Direktor qeyd edib ki, festivalında Azərbaycan teatrlarından yalnız Gəncə Teatrı iştirak edəcək.
Ə.Qasımov bildirib ki, Gəncə Dövlət Dram Teatrının Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” adlı beynəlxalq festivalda da iştirak edəcəyi gözlənilir: "Ukrayna festivalında iştirak edəcəyimiz dəqiqləşib. Türkiyənin Konya şəhərində keçiriləcək festivala iki tamaşamızın görüntülərini, məlumatlarını göndərmişik. Hələlik Konya festivalında iştirakımız dəqiqləşməyib. Əgər alınsa aprelin 20-dən 30-dək keçiriləcək festivalda Vaqif Şərifovun quruluş verdiyi Elçinin “Qatil” və Elşad Əhmədovun hazırladığı Turqay Narın “Şəhrizadın oyunu” tamaşalarını nümayiş etdirməyi düşünürük".