"Başqa həyat" adlı sənədli filminin təqdimat mərasimi baş tutub.
"Report" xəbər verir ki, ilk olaraq qapalı baş tutan filmin premyerasında Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputı Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar, tanınmış bloggerlər, media nümayəndələri və digərləri iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daha sonra doğma Vətənin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişindən əvvəl çıxış edən hacı Şahin Həsənli filmdən söz açıb. O bildirib ki, film "Ərbəin" (40 mərasim) ziyarəti haqqında çəkilib. Ərbəin mərasimində dünyada ən böyük anma mərasimləri keçirilir. Bu tədbirə dünyanın istənilən yerindən 20 milyondan çox insan imam Hüseyni əleyhissalamı ziyarət edir. Məhz Azərbaycanda da İmam Hüseyn əleyhissalamın xatirəsi imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümü olaraq anılır. Sənədli filmə çox uğurlu ad seçilib. Bu fərqli həyat rasionallıqla hemosianılığın birləşməsidi. Azərbaycan milli mədəniyyətində özəlliyi rasionallıqla hemosianılığın birləşməsidi".
Filmin nümayişindən sonra Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev öz təsuratlarını bölüşüb: "Belə müqəddəs ziyarətdə olan şəxslərə qibtə edirəm. Bu filmi izləmək mənə xoş oldu. Ekran əsərini olduqca yüksək qiymətləndirirəm, məhz bizim gənc peşakarlardan bu cür filmlər həm cəmiyyətimizə, həm də xalqımızın milli dəyərlərinə lazımdır. Ekran işində təmənnasız və böyük sevgidən bəhs edilir. 44 günlük Vətən müharibəsində gördüklərimi bir daha hiss elədim. Biz çox xoşbəxt adamlarıq ki, Vətən müharibəsini canlı olaraq görmüşük, eyni zamanda onun il dönümünü bu yaxınlarda qeyd edəcəyik".
Filmdən təsirlədiyini vurğulayan Arzu Nağıyev bu kimi layihələrin daha çox olmağını dilə gətirib: "Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda qalibiyyətimizi qorumaq və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.
Qeyd edək ki, filmin rejissoru Elçin Ağazadə, prodüser Orxan Məmmədzadə, operator Soltan Abdullayev, montaj Elmar Tariyeloğlu, səs rejissoru İsmayıl Mirzə Qaçar, filmi səsləndirənlər Samirə Həsən, Kamal Yaşar, Kazım Abdullayev, Xəzər Süleymanlı, Elvin Abdullah, Namiq Carçıyev və Ceyhun Səfəridir.
Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.