Novruz Əhmədov 6 il öncə Türkiyəyə gəlib və hazırda Diyarbakır şəhərindəki Dicle Universitetinin Hüquq fakültəsində təhsil alır. Azərbaycanlı tələbə hazırladığı qum sənəti kompozisiyaları ilə məşhurlaşıb.
Novruz Əhmədov “Report”un Türkiyə bürosuna bildirib ki, qum sənəti ilə dörd ildir məşğuldur: "Düzü, əvvəllər maraq xatirinə qum sənəti ilə məşğul olurdum. Ancaq sonradan bu sənət növünü peşəyə çevirdim. Demək olar, öz üzərimdə işləyərək öyrənmişəm. Çünki nə rəssamlıq, nə də qum sənəti üzrə heç bir təhsilim yoxdur. Sadəcə, maraq xatirinə qum sənətini öyrənməyə çalışdım. Bu, yeni sənət növüdür, ümumiyyətlə, qum sənəti üzrə nə Azərbaycanda, nə də Türkiyədə təhsil verən heç bir müəllim yoxdur. Əvvəlcə bir il ərzində İsrail və Rusiya vətəndaşlarının internetdə paylaşdıqları videoları izlədim və sonra onları təqlid etməyə çalışdım. Nəhayət, xəyal gücümü işə salaraq öyrəndiklərimə əlavələr etməyə başladım. Əvvəllər dostlarım mənə gülürdülər. Ancaq zamanla yeni üsullarla yaranan əsərlərin təkrarı olmayan rəsmə çevrildiyini gördüm. Təbii ki, musiqi və işıq bu əsərlərin bir parçasıdır. Musiqi rəsmi daha mənalı edir, işıq isə canlı göstərir. Ona görə də qum sənəti ilə məşğul olan şəxsin həm rəsm-musiqi qabiliyyəti, həm də xəyal gücü yüksək olmalıdır. Əlləri və barmaqları ilə cəld hərəkətlər edərək hər dəfə yeni əsər yaratmalıdır. Qum sənətində şüşə üzərinə işıq vurmaq və kvars adı verilən qumdan istifadə etməklə mükəmməl kompozisiyalar ortaya çıxarmaq olur. Rəssamların istifadə etdiyi əşyalar boya və fırçadır, mənim boyam isə qum, fırçam da barmaqlarımdır”.
Gənc sənətçi əsərlərində, əsasən, vətənpərvərlik mövzusuna yer verdiyini deyib: “Məsələn, “
Novruz Əhmədovun Dicle Universitetində Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşəbbüsü ilə keçirilən 20 Yanvar tədbirində canlandırdığı “Ağlayan qərənfillər” kompozisiyası böyük maraqla qarşılanıb və mediada geniş işıqlandırılıb: “Mən bu əsərlə insanlara sənətlə yaşanan tarixi anlatmağa çalışdım. Fikrimcə, sənətsevər hər kəs onu təkrar yaşıyır və ötürdüyün hər şey beyinin ən dərin, qəlbin ən həsas yerinə həkk olunur. Mən bir azərbaycanlı kimi, 20 Yanvar faciəsini Türkiyə xalqına ən doğru yolla anlatdım. Sonda zalda oturan yüzlərlə insanın gözündə gördüyüm yaş məni əmin etdi ki, bu qəhrəmanlıq tarixini sadəcə Azərbaycanda deyil, Türkiyədə də unutdurmayacayıq”.
O, qum sənətinin incəliklərini dərindən öyrənməklə gələcəkdə daha böyük layihələrə imza atmaq niyyətdindədir: “Mən Dicle Universitetinin hüquq fakültəsində təhsil alıram və gələcəkdə hər iki peşənin mütəxəssisi kimi yetişəcəyimi düşünürəm. İnsan hansısa peşə ilə bərabər, hansısa bir incəsənət növünə də yiyələnməlidir. O zaman ruh qidalanır və insanı canlı tutaraq məşğul olduğu peşədə daha da möhkəmləndirir. İnanıram ki, gələcəkdə qum sənəti ilə məşğul olan peşəkar hüquqşünas və hüquqşünaslar arasında isə çox bacarlıqlı qum sənəti ustası olacağam. Sənəti durmadan öyrənmək və daima təkmilləşdirmək lazımdır. İnanıram ki, öyrəndiklərim ilə gələcəkdə vətənimin bayrağını ən gözəl zirvələrdə dalğalandıracağam. Bu arada Dicle Universitetində yalnız 23 azərbaycanlı tələbə təhsil alır. Adətən, Diyarbakırın təhlükəli olduğunu düşündükləri üçün təhsil almağa gəlmirlər. Halbuki Diyarbakır Türkiyənin ən gözəl şəhərlərindən biridir və təhlükəli yer deyil. Bu universitet çox yüksək səviyyəli təhsil verir. Gəlsinlər və bu şəhərdə daha da güclənməyimiz üçün əl-ələ verə bilək”.
Vüsalə Abbasova