AFFFAIR markasının təsisçisi, məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsində Azərbaycan xalçaçılıq sənətinin bənzərsiz çalarlarını özündə əks etdirən “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Azərbaycan dövlət muzeyində qorunan və nümayiş etdirilən mədəniyyət irsi olan tarixi xalçalardan ilham alan dizaynerin yaratdığı “Sumax” kolleksiyasının nümayişində başda tanınmış model Günay Musayeva olmaqla 21 model podiuma çıxıb.
Kolleksiya üç ay ərzində 30 nəfərlik komanda tərəfindən ərsəyə gətirilib. Kolleksiyada təqdim olunan parçaların 80%-dən çoxu yarıqiymətli daşlar, iplər, köhnə rokoko texnikaları, qarmaqla sarma üsulları ilə bəzədilmiş əl işlərindən ibarətdir.
Qeyd edək ki, Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına "Çələbi", "Xanlıq", "Nəlbəki" gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. “Haute Couture Sumakh” kolleksiyasının Moskva, Bakı və Nyu-Yorkda nümayişi planlaşdırılır.