Bakı. 18 yanvar. REPORT.AZ/ Fevralın 7-17-də Almaniyada “Berlinale” kimi tanınan dünyanın ən nüfüzlu tədbirlərindən biri olan 69-cu Berlin Film Festivalı baş tutacaq.
"Report"un məlumatına görə, 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən mədəni tədbirlərindən biri sayılan “Berlinale” festivalında 400-dən çox “müəllif” ve “intelektual” filmlər nümayiş etdirilir.
Festival çərçivəsində fevralın 9-14-də baş tutacaq “Berlinale Talents” beynəlxalq kino proqramına Azərbaycanı Samirə Əsgərova təmsil edəcək. O, dünyanın ən böyük kino sərgilərindən biri olan Avropa Film Bazarında iştirak edərək, əcnəbi distribütorla görüşərək Azərbaycanla potensial əməkdaşlığı müzakirə edəcək.
S.Əsgərova bu proqramda iştirak üçün 130 ölkədən olan 3400 ərizəçi arasından seçilib.
Qeyd edək ki, Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan “Cinema Distribution”da yerli və xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.