Antrakt bitdi, pərdələr şəhid övladları üçün qalxdı - REPORTAJ

Antrakt bitdi, pərdələr şəhid övladları üçün qalxdı - REPORTAJ Bu gün Azərbaycanda fəaliyyət göstərən mədəniyyət ocaqları (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar açılıb.
İncəsənət
1 Oktyabr , 2021 19:12
Antrakt bitdi, pərdələr şəhid övladları üçün qalxdı - REPORTAJ

Bu gün Azərbaycanda fəaliyyət göstərən mədəniyyət ocaqları (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar açılıb.

Pandemiya dövründə üçüncü dəfədir teatra gedirik - yolumuz Kukla Teatrınadır. Ümid edirəm ki, teatrla budəfəki görüşümüzün ömrü daha uzun olacaq. Teatrların fəaliyyətinə müəyyən məhdudiyyətlərlə icazə verilsə də, əsas odur, zallarda yenidən tamaşaçılar əyləşəcək.

Kukla Teatrında bu gün oynanılacaq tamaşa digərlərindən fərqlidir, uzun müddət sonra nümayiş olunan "Cırtdan" tamaşası bizə qələbəni bəxş edən şəhid və qazilərin övladları üçün səhnələşdirilib. Hər mənada bugünkü günün anlamı böyükdür.

Baş rejissorun həyəcanı...

Tamaşanın başlamasına hələ xeyli var. Artıq teatrın önündəyəm, ətrafı müşahidə edirəm. Qapıda bizi teatrın gülərüz əməkdaşları qarşılayır. Simalarından hiss olunur ki, bu gün üçün xüsusi hazırlaşıblar. Sanki evlərində qonaq qarşılayan ev sahibləri kimi mehribanlıqla teatra gələnləri salamlayır, COVID pasportlarımızı və temperaturumuzu yoxlayırlar. Hər şeyin qaydasında olduğunu görəndən sonra bizi içəri buraxırlar.

Qurban Məsimov
Qurban Məsimov

Dəhlizdə teatrın baş rejissoru Qurban Məsimovla qarşılaşırıq. Uzun müddət tamaşaçı qəbul etməyən teatrın rejissoru hisslərini bölüşmək üçün olduqca həvəsli görünür. Yubanmadan onunla həmsöhbət oluruq. Q.Məsimov bildirir ki, ilk tamaşanı şəhid və qazi ailələrinin övladlarına həsr etməyi özlərinə borc biliblər: "İlk tamaşaya bilet satışı olmadı, ancaq şəhid və qazi ailələrinin övladları üçün tamaşa göstərilir. Pandemiya şəraiti olduğuna görə biz yerlərin hamısını doldura bilmərik. Ona görə də şəhid və qazi övladlarını dəvət ediriksə, bilet satışına icazə verə bilməzdik".

Baş rejissor vurğulayıb ki, bir il altı aydır teatrlar bağlı olsa da, səhnədən uzaq düşməyiblər. Bu müddət ərzində ayrı-ayrı rayonlarda açıq havada qazi və şəhid övladları üçün tamaşalar nümayiş etdiriblər: "Qələbədən sonra ilk tamaşamızın "Cırtdan" olmasının xüsusi bir mənası var. Cırtdan millilik, ağıl və qüdrətin simvoludur. Düşündük ki, zəfər çalan ölkənin vətəndaşları kimi elə öz milli obrazımızla çıxış etməyimiz daha yaxşıdır".

Bayaqdan bizi mədəniyyət ocağı ilə tanış edən teatrın ədəbi-dram hissə müdiri Həmidə Rüstəmova bildirir ki, bu il həm də Kukla Teatrının 90 illik yubileyidir: "Teatrın yubileyi ərəfəsində karantin rejiminin yumşaldılması və kinoteatrların açılması bizim üçün çox simvolik oldu. Artıq bir aylıq repertuarımız hazırdır. Hər həftəsonu tamaşalar göstəriləcək. "Yeddi nar çubuğu", "Qara balıq əhvalatı" və "Qızıl balığın nağılı" kimi tamaşalarımız hələ geniş tamaşaçı kütləsinə təqdim olunmayıb. Bunların hamısı yeni ildə nümayiş etdiriləcək. Eyni zamanda "Qış nağılı" tamaşasının da hazırlıqlarına başlanılıb".

Şəhid əmanətləri teatrda

Söhbətimizi yekunlaşdırıb, zala keçirik. Tamaşanın başlamasına cəmi bir neçə dəqiqə qalıb. Tamaşanın balaca ziyarətçiləri ilə həmsöhbət olmaq üçün ön sıralara yaxınlaşıram. Şəhid leytenant Fərid Məmmədovun oğlu Fuadı görürəm. Oturduğu masanın yanında diz çöküb söhbətə başlayıram. Bir qədər sonra babası da bizə yaxınlaşıb qürur dolu baxışlarla nəvəsinin sözlərini dinləyir. Elə mən də burada öyrənirəm ki, şəhidimizin övladı həm də Azərbaycan Milli Dram Teatrının prodüseri Rəcəb Məmmədovun nəvəsidir. Fuad deyir ki, tamaşada gördüklərini bağça yoldaşlarına da danışacaq, xüsusilə də dostu Eminə. Elə bu anlarda Rəcəb bəy yanımızdan uzaqlaşır. Hiss edirəm ki, zaldan çıxmağına səbəb kövrəlməyidir. Zalda qızı da əyləşdiyi üçün onun kədərlənməsini istəmir. Fikirdən balaca Fuadın əlimdəki mikrofona toxunmağı ilə ayılıram. Ona maraqlı gəlir, əli ilə incələməyə başlayır. Cəmi 3 yaşı var, amma yaşının az olmağına baxmayın, deyir ki, əlində tutduğu mikrofonun nə olduğunu çox yaxşı bilir. O qədər alicənab danışır ki, onu elə oradaca bağrıma basmaq istəyirəm, ancaq mövcud vəziyyətdən ehtiyat etdiyim üçün bundan çəkinirəm. Söhbətimi saxlayıb arxaya, öz yerimə keçirəm.

Az sonra tamaşa başlayır. Yanımda əyləşən təşkilatçılardan biri deyir ki, insanları uzun müddət sonra teatra cəlb etmək çox çətin görünür, ancaq mümkünsüz də deyil.

Uzun müddətdir, teatr işçiləri və tamaşaçıların gözlədiyi o an gəlir. Teatrın pərdələri uzun fasilədən sonra qaldırılır. Səhnədə tamaşaçıları Cırtdan qarşılayır. Millilik rəmzi olan Cırtdan cəsarətli çıxışı ilə uşaqları özünə cəlb edir. Hətta balacalardan biri oyuna elə qapılır ki, ayaq üstə qalxıb yaxına getmək istəyir.

Növbəti səhnədə Xortdan görünür. Elə bu an tamaşaya gecikənlərdən biri içəri daxil olmaq istəyir. Lakin balaca qız xortdanı görəndə ürküb zaldan çıxır. Bəlkə də həqiqətən xortdan kostyumu uşaqlar üçün bir qədər qorxulu görünür. Ya da həmin qızcığaz çox həssasdır.

Sənin atan qəhrəmandır

Tamaşa Cırtdanın anasının səhnədə görünməsi iə davam edir. Bu səhnədə olduqca duyğusal anlar yaşanır. Həqiqətən də "Cırtdan" qəhrəmanlarımızın övladları üçün nümayiş olunan ən uyğun tamaşadır. Anası Cırtdanla atasının qəhrəmanlıqları haqda danışır. Deyir ki, onun atası həm igid, həm qorxmaz, həm də qəhrəman idi. Hər kəs onun qəhrəmanlığından danışırdı. Hiss edirəm ki, ana rolunu canlandıran aktyor da nitqini burada əyləşənlər üçün xüsusi səylə hazırlayıb. Yanımda əyləşən şəhid yoldaşı göz yaşlarını saxlaya bilmir. Oğlunun bu səhnələrə biixtiyar şəkildə gülməsi onu bir az da qürurlandırır.

Sonuncu səhnənin yekunlaşması ilə aktyorlarla həmsöhbət olmaq üçün pərdəarxasına gedirəm. Bayaqdan Cırtdanın anası rolunu canlandıran Sona Quliyevanı duyğusal, göz yaşları içində görürəm. Əslində səbəbini özüm də bilirəm, ancaq yenə də yaxınlaşıb soruşuram. Elə gözlədiyim cavabı da eşidirəm: "Bu gün bizim üçün həm çox gözəl, həm də çətin gündür. Uzun müddət sonra tamaşaçıların qarşısına çıxdığımız üçün sevincli, şəhid övladlarının qarşısında çıxış etdiyimiz üçün bir qədər ağır tamaşa oldu. Mən bilirəm ki, bu gün şəhid olan qəhrəmanlar elə bu cür milli ruhda yazılan nağıllar, tamaşalarla böyüyüb".

Növbəti görüşlərə qədər

Kənardan üzündə qəribə bir təbəssümlə bizi izləyən Cırtdan rolunun ifaçısı Elgün Həmidova yaxınlaşıram: "Cırtdan" Kukla Teatrının əsas tamaşalarındandır. Tamaşaçılarla görüşməyə yenidən hazırıq. Bu gün səhnədə rolumu oynayandan sonra hiss etdim ki, səhnə üçün çox darıxmışam", - o qeyd edir.

Söhbətimizi bitirib zaldan çıxanda Fuad və babası Rəcəb bəyi görürəm. Fuadın atası bu gün yanında olmasa da, babası onunladır. Fəxr və qürur dolu baxışlarla nəvəsini izləyir, onun üçün gələcək planlayır. Burada yaşadığım duyğular o qədər dərin olur ki, ayrılmaq istəmirəm. Ancaq saatıma baxanda getməli olduğumu anlayıram. Qapını bağlayıb teatrdan çıxıram. Həm mədəniyyət, həm də şəhid ocaqlarında heç vaxt işıqların sönməməsini arzu edirəm...

Foto-video: Mircavid Eminoğlu

Son xəbərlər

Orphus sistemi