SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Azərbaycan və Rusiya paytaxtlarında paralel olaraq canlı bağlantı formatında keçirilən “MOSKVA – BAKI: informasiya texnologiyaları sahəsində əməkdaşlıq” biznes
İKT
14 Aprel , 2023 14:43
SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri Azərbaycan və Rusiya paytaxtlarında paralel olaraq canlı bağlantı formatında keçirilən “MOSKVA – BAKI: informasiya texnologiyaları sahəsində əməkdaşlıq” biznes konfransında iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan və Rusiyanın informasiya texnologiyaları sahəsində innovasiyaların inkişafı üçün birgə addımlar atmaq olub. Hər iki ölkədə fəaliyyət göstərən şirkətlər və təşkilatlar arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişafına həsr olunan konfransda rəsmi nümayəndələr, eləcə də texnologiya və ticarət sahəsi üzrə strateji şirkətlərin rəhbərləri iştirak ediblər.

Konfrans zamanı “AzInTelecom”un Kommersiya departamentinin Məhsul və xidmətlər şöbəsinin müdiri Fərrux Fərəcullayev şirkətin təqdim etdiyi rəqəmsal həllər barəsində ətraflı məlumat verib. O, bildirib ki, “AzInTelecom”un hazırladığı rəqəmsal məhsullar vətəndaşların və təşkilatların həyata keçirdiyi proseslərin çevik və rahat formada icra edilməsini təmin edir. Həmçinin şirkətin tətbiq etdiyi müasir informasiya texnologiyaları və bulud həlləri Azərbaycanın dövlət strukturlarının və cəmiyyətin rəqəmsal transformasiyasını sürətləndirir.

F.Fərəcullayev qeyd edib ki, “AzInTelecom”un bir il əvvəl istifadəyə verdiyi SİMA mobil tətbiqini 300 mindən çox istifadəçi yükləyib: “Hazırda istifadə edilən həll vətəndaşlar üçün nəzərdə tutulan rəqəmsal imzadır. Yaxın müddətdə SİMA-nın fərdi sahibkarlar üçün həllinin də istifadəyə verilməsi planlaşdırılır. Növbəti mərhələdə isə hüquqi şəxslər və dövlət qurumları üçün SİMA rəqəmsal imza həllinin istifadəyə verilməsi nəzərdə tutulur. SİMA həlli vasitəsilə Azərbaycana qanuni əsaslarla miqrasiya etmiş xarici vətəndaşlara da rəqəmsal imzanın verilməsi planlaşdırılır. Bu günə qədər SİMA yeni nəsil rəqəmsal imzanın 20-dən çox tərəfdaşı ilə bir neçə xidmətin inteqrasiyası yekunlaşıb. Hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 80-dən çox müəssisənin SİMA rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir”.

F.Fərəcullayev, həmçinin SİMA brendi adı altında hazırlanan digər rəqəmsal məhsullar haqqında da məlumat verib. O, qeyd edib ki, SİMA rəqəmsal platforması çərçivəsində biometrik ödənişlər, biometrik giriş sistemi, rəqəmsal möhür və digər rəqəmsal məhsullar hazırlanır və plana uyğun olaraq cəmiyyətə təqdim ediləcək.

Daha sonra “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin şöbə müdiri Fərid İsmayılzadə şirkətin təqdim etdiyi rəqəmsal məhsul və xidmətlərin təhlükəsizliyi, məlumatların qorunması barədə məlumat verib.

Konfrans zamanı biznes və dövlət orqanlarının nümayəndələri bir sıra innovativ və əsas infrastruktur layihələri təqdim edib, maraqlı tərəfdaşlarla danışıqlar aparıb.

Son xəbərlər

Orphus sistemi