Saməddin Əsədov: "Azərbaycanda daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək"

Saməddin Əsədov: "Azərbaycanda daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək" Azərbaycan Kosmik Agentliyi yaxın illərdə müstəqil Azərbaycan üçün ilk dəfə peyk istehsal etməyi qarşısına məqsəd qoyub.
İKT
27 İyun , 2024 18:09
Saməddin Əsədov: Azərbaycanda daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yaxın illərdə müstəqil Azərbaycan üçün ilk dəfə peyk istehsal etməyi qarşısına məqsəd qoyub.

"Report" xəbər verir ki, bunu "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov "Baku ID" (Baku İnvestment Day) festivalı çərçivəsində keçirilən "Biznes strategiyalarını cəmiyyətin tələbləri, aktual problemlər və dünyada həyatı yaxşılaşdırmaq üçün uyğunlaşdırmaq" adlı paneldə deyib.

O bildirib ki, istehsal edilən peyk kiçikölçülü olmayacaq: "Biz daha güclü kosmik şəbəkə peyki istehsal edəcəyik. Kosmik Agentlik yeni ideyalar və təşəbbüslər istiqamətində əməkdaşlıq etməyə hazırdır".

Qeyd edək ki, ötən il "Azərkosmos" və ”Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.

İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq “Peyklərin inkişafı mərkəzi”nin layihələndirilməsində də "Azərkosmos"a dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.

IAI proqram çərçivəsində "Azersky-2" sisteminin idarəedilməsi və istismarı üzrə Azərbaycanda bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.

Hazırda Azərbaycaın orbitdə 2 telekommunikasiya peyki ("Azerspace-1" və "Azerspace-2") var.

Son xəbərlər

Orphus sistemi