Rusiyanın IT-inteqratoru Azərbaycanın bankları və neft-qaz şirkətləri ilə danışıqlar aparır
- 11 mart, 2025
- 16:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın məlumatların emalı üzrə ixtisaslaşan IT şirkəti “7 krasnıx liniy” Azərbaycanın bankları, pərakəndə satıcıları və neft-qaz şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edir.
Bu barədə “Report”a şirkətin inkişaf direktoru Aleksandr Kovalenkov məlumat verib.
Onun sözlərinə görə, “7 krasnıx liniy” şirkəti anbarların layihələndirilməsindən tutmuş vizuallaşdırmaya, süni intellekt və maşın öyrənməsi texnologiyalarını əhatə edən prediktiv təhlil və təlimatverici analitikaya qədər məlumatlarla işləmə prosesinin bütün mərhələlərini əhatə edir.
“2020-ci ildə "Azərbaycan Beynəlxalq Bankı" ilə mobil tətbiqin hazırlanması üzrə kiçik əməkdaşlıq təcrübəmiz olub. Hazırda isə Azərbaycanda biznesimizi genişləndirmək, tərəfdaşlıq kanalları qurmaq və Rusiya proqram təminatını təqdim etmək üzərində çalışırıq. Biz azərbaycanlı tərəfdaşlarımıza Rusiya IT həllərinin Qərb texnologiyalarına alternativ kimi necə istifadə oluna biləcəyini, son illərdə əldə etdiyimiz nailiyyətləri və proqram təminatımızın qiymət-keyfiyyət nisbəti baxımından üstünlüklərini nümayiş etdiririk”, - A. Kovalenkov bildirib.
O əlavə edib ki, hazırda şirkət Azərbaycanın bank sektoru, pərakəndə ticarət və neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlərlə fəal danışıqlar aparır.
“Yaxın zamanda ilkin qiymətləndirmə və pilot layihələr mərhələsinə keçməyi planlaşdırırıq. Bu, Rusiyanın texnoloji həllərinin yerli bazarda necə tətbiq oluna biləcəyini göstərmək üçün vacib mərhələ olacaq”, - A.Kovalenkov bildirib.
Qeyd edək ki, “7 krasnıx liniy” MMC Rusiya bazarında səkkiz ildən artıqdır fəaliyyət göstərir və fintex, neft-qaz sənayesi, pərakəndə ticarət və bank sektoru üzrə iri şirkətlərlə əməkdaşlıq edir.