ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) əməkdaşları üçün təşkil edilən “Korporativ idarəetmə” proqramının yekunu münasibətilə Məzun günü keçirilib.
"Report"un məlumatına görə, proqramın əsas məqsədi iştirakçıları idarəetmənin prinsipləri və bu sahədəki müasir konseptlər barədə məlumatlandırmaq və bununla bağlı fundamental anlayışları ötürmək, eləcə də layihələrin səmərəli şəkildə idarə edilməsi, bu prosesə nəzarət edərək tənzimlənməsi üçün bilik və bacarıqlarla təmin etmək idi.
Məzun günündə İnkişaf və Diplomatiya İnstitutunun direktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, institutun İxtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Fidan Fərzəliyeva çıxış ediblər.
Nərgiz İsmayılova nazirliklə əməkdaşlıq çərçivəsində keçirilən üçüncü təlim proqramının uğurla başa çatdığını bildirib, proqramın uğurlarını əks etdirən statistik məlumatları iştirakçılarla bölüşüb.
Qeyd edək ki, bu ilin oktyabr ayından etibarən start götürən təlimin mövzuları geniş iş təcrübəsinə malik təlimçilər tərəfindən tədris olunub.
Proqram çərçivəsində “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov “İdarəetmənin əsasları” mövzusunda Dünya Bankının gender bərabərliyi üzrə aparıcı eksperti, dayanıqlı inkişaf üzrə müşavir Şəmsiyyə Mustafayeva “Emosional zəka” mövzusunda təlimlər keçiblər.
Həmçinin “AgroDairy”nin baş direktoru Niyazi Əmirbəyov “Məsuliyyət və sahiblik”, “Azercell Telecom” MMC-nin Aparat rəhbəri Həsən Həsənov və İnkişaf və Diplomatiya İnstitutunun aparıcı elmi işçisi İnarə Yaqubova iştirakçılara “Motivasiya” mövzusunda təlimlər veriblər.
Əlavə olaraq, “Nobel Energy” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiyalar şöbəsinin rəhbəri Turxan Əhmədov “Effektiv görüşlərin keçirilməsi”, “bp”nin baş insanlar və mədəniyyət partnyoru Orxan Əliyev “Fəaliyyətin idarə edilməsinin əsası”, İngiltərədə fəaliyyət göstərən xarici şirkətin icraçı direktoru və strateq Nailə Mehrabova isə “Dəyişikliklərin idarə edilməsi” mövzularını tədris ediblər.
Təlim proqramını başa vuran 185 iştirakçıya sertifikat təqdim edilib.