Azərbaycanın ən bilikli, bacarıqlı və savadlı tələbələri rəqəmsal sahə ilə bağlı ixtisasları seçirlər.
"Report" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimin açılış mərasimində bildirib.
Rektor qeyd edib ki, hazırda Azərbaycanda ən prestijli ixtisaslar rəqəmsal sahə ilə bağlıdır: "Artıq 6-cı ildir ki, ölkəmizdə ilin ixtisası ilk dəfə BANM-da yaradılan İnformasiya Təhlükəsizliyi ixtisasıdır. Azərbaycanda ən yüksək bal toplayan tələbələr məhz bu ixtisası seçirlər. Tələbələrin seçdiyi 5 nüfuzlu ixtisasdan 3-ü rəqəmsal sahə ilə bağlıdır. Demək, universitetlərimizə yüksək bilikli kadrlar gəlir və güclü potensialımız var”.
E. Qasımov bildirib ki, amma bundan istifadə etmək üçün güclü müəllimlər, proqramlar və hədəflər lazımdır: “Bizim bu istiqamətdə gələcək tədqiqatlara və bu sahə ilə bağlı mentorlara ehtiyacımız var. Ən çox mentorlarla bağlı çətinliklərlə üzləşirik".
Onun sözlərinə görə, “Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları” təlimi universitetlərin inkişafında əsas rol oynayan qızıl üçbucağı təmin edir: “Bu qızıl üçbucaq isə sənaye, tədqiqat və universitetlər arasında əməkdaşlıqdır. Bu təlimlə qızıl üçbucaq təmin olunub. Etiraf etməliyik ki, Azərbaycan universitetləri belə mötəbər təlimləri təşkil edə bilmirlər. Belə təlimlərin təşkili ilə bu proses bizim üçün əlçatan olur. Müəllimlərimiz təlimdə öyrəndikləri bilikləri digər pedaqoqlara ötürə biləcəklər".