Rauf Cabbarov: "Azərbaycanda şirkətlərdə süni intellektin idarəetmə mexanizmi qurulmalıdır"
- 13 noyabr, 2026
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda şirkətlərdə süni intellektin idarəetmə mexanizmi qurulmalıdır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov II Süni İntellekt Zirvəsində deyib.
O bildirib ki, bu gün artıq ölkədə lokal süni intellektlər yaranır: "Datanını xaricə getməməsi üçün onların olması çox vacibdir. Amma reallıq ondan ibarətdir ki, bu data bütün hallarda xaricə gedəcək. Amma biz necə edək ki, bu təhlükəsiz mühit olsun? Siz fərqli "frame worker"lərdən, fərqli idarəetmə mexanizmindən istifadə edə bilərsiniz. Məsələ ondan ibarətdir ki, korporativ mühitdə idarəetmə sistemi qurulmalıdır. Fərdi insanlar nə ilə məşğuldurlar, o, onların şəxsi işidir. Amma bir şirkət daxilində biz AI-nın bizə verdiyi məhsuldarlığı başa düşməliyik, onu daim təkmilləşdirməyə çalışmalıyıq və onun təhlükəsizliyini düşünmək üçün də bir idarəetmə sistemi qurmalıyıq ki, gələcəkdə o paylaşılan konfidensial informasiya bizə geri dönərək kiberhücuma çevrilməsin".
R. Cabbarovun sözlərinə görə, süni intellektin yaratdığı iqtisadi dəyər hələ də tam başa düşülmür: "Müəyyən rəqəmlərə baxdıqda görürük ki, bu nə dərəcədə bizim həyatımızı dəyişir. Məsələn, 3 il ərzində 53 % insan artıq AI-dən istifadə edir. Bu çox böyük rəqəmdir. Nə internet, nə kompüter texnologiyaları belə sıçrayışla insanlara nüfuz eləyə bilməyib. Bu dəqiqə investisiya mühitində müzakirə olunan ən böyük məsələ "Anthropic"in IPO-ya çıxmasıdır. Şirkət səhm bazarına çıxandan sonra ümumi dəyərimi 1,4 trilyon ABŞ dollarına çatdıracağını deyir. Bu, əslində gələcək iqtisadiyyatın bilavasitə süni intellekt üzərindən qurulacağı anlamına gəlir".
AKTA rəhbəri bu gün iqtisadi yanaşmada, investisiya dünyasında AI ilə bağlı ikili yanaşmanın olduğunu diqqətə çatdırıb: "Bir tərəfdən AI çox böyük həcmdə investisiya cəlb edir. Nəticədə, "möhtəşəm yeddilik" adlandırdığımız "Google", "Microsoft", "Amazon", "Nvidia" və sairə kimi şirkətlər böyük həcmdə şişiblər. Onların bu gün dəyəri təxminən 20 trilyon dollara yaxındır. Bu, həddindən artıq böyük rəqəmdir. Bu, bir köpükdür və o, partlayacaq"