“Facebook” Azərbaycandakı bazar payının 42 %-ni itirib
- 03 iyun, 2024
- 11:48
Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 35,35 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprelə nisbətən 2,87 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,6 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Pinterest”in bazar payı müvafiq olaraq 0,3 faiz bəndi azalaraq və 7,2 faiz bəndi artaraq 20,66 % olub.
Növbəti yerdəki “Facebook”un bazar payı müvafiq olaraq 2,59 faiz bəndi və 13,24 faiz bəndi azalaraq 18,56 %-ə düşüb. Bununla da son bir ildə “Facebook” bazar payının 42 %-ni itirib.
Dördüncü pillədəki “YouTube”un bazar payı müvafiq olaraq 1,97 faiz bəndi və 4,43 faiz bəndi artaraq 14,57 % təşkil edib.
İlk beşliyi 6,32 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı aprelə nisbətən 1,97 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,21 faiz bəndi azalıb.