Bakının mərkəzində LEO şəbəkəsi ilə sürətli internet testi uğurla başa çatıb.
“Report” xəbər verir ki, bunu "Eutelsat OneWeb" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə Baş Satış Direktoru Ahmet Eren Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
"Bakının mərkəzində küçələrin dar olması, binaların sıx yerləşməsi səbəbindən internet bağlantısında çətinliklərin ola biləcəyini düşünürdük. Lakin bizim şirkətin həyata keçirdiyi test zamanı, LEO peyk texnologiyası ilə yüksək sürətli və dayanıqlı internet bağlantısı təmin olunub. Testə başlamazdan əvvəl mühəndislərimizə dedim ki, bu dar küçələrdə və sıx tikililər arasında işləyəcəyinə əminsinizmi? Onlar isə cavab verdilər: "Nəticələri özün görəcəksən". Nəticələr isə bizi tam razı saldı”, - deyə o qeyd edib.
Qonaq bildirib ki, LEO peykləri daha aşağı gecikmə, yüksək sürət və mobil tətbiqlərdə, hərəkətli nəqliyyat vasitələrində daha böyük üstünlüklər təqdim edir: "Bu isə şəhər mərkəzlərində, dağlıq və çətin keçilən ərazilərdə, eləcə də fövqəladə hallar zamanı vacib rol oynayır".
Baş satış direktoru qeyd edib ki, şirkət hazırda dünya üzrə 38-40 internet çıxış nöqtəsinə (POP) və peyk şəbəkə stansiyasına (SNP) malikdir: "Mərkəzi Asiya regionu üçün əsas POP və SNP Qazaxıstanda yerləşir. Bu isə o deməkdir ki, regiondakı istifadəçilər internetə çıxış zamanı məlumat ötürməsini yerüstü olaraq həyata keçirə bilir. Bu, həm təhlükəsizlik, həm optimizasiya, həm də lisenziyalaşdırma tələblərinə uyğunluq baxımından mühüm üstünlükdür".