Azərbaycan rəqəmsal infrastrukturun inkişafı üzərində işləyir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 31-də “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.
"Rəqəmsallaşma reallığımızı formalaşdıran qlobal dəyişikliklərin ayrılmaz hissəsidir... Rəqəmsal transformasiya məqsədlərinə çatmaq üçün cəmiyyətin bütün təbəqələri üçün müasir rəqəmsal xidmətlərə çıxışı təmin edəcək etibarlı infrastruktur yaradılmalıdır. Bu cür infrastrukturun əsas elementlərindən biri yüksək sürətli internetə çıxışdır. İnternet infrastrukturunun inkişafına yönəlmiş əhəmiyyətli təşəbbüslər arasında "Onlayn Azərbaycan" layihəsini qeyd etmək lazımdır", - Ə.Əsədov bildirib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində ölkədəki bütün yaşayış və kommersiya obyektlərinin 99 %-dən çoxu yüksək sürətli genişzolaqlı internetə qoşulub.
"Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması yolunda ən mühüm addımlardan biri "rəqəmsal hökumət" platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tam rəqəmsallaşdıran "Rəqəmsal körpü" milli məlumat mübadiləsi sistemi tətbiq edilib. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün "Hökumət buludu" layihəsi işə salınıb", - Baş nazir qeyd edib.
O bildirib ki, yuxarıda sadalananlar "elektron hökumət"in inkişafı və rəqəmsal transformasiyanın sürətləndirilməsi üçün zəruri olan dayanıqlı, müasir və təhlükəsiz rəqəmsal infrastrukturun yaradılması məqsədilə həyata keçirilən layihələrin kiçik bir hissəsidir.
"Biz həmçinin startapların inkişafı, sahibkarlığın stimullaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi üçün əlverişli şəraitin yaradılmasına böyük əhəmiyyət veririk. Fəaliyyətə yeni başlayan sahibkarlara layihələri işə salmağa və potensiallarını inkişaf etdirməyə kömək edən müxtəlif proqramlar həyata keçirilir", - hökumət başçısı bildirib.
Ə.Əsədov həmçinin qeyd edib ki, rəqəmsal transformasiya təkcə texnoloji proses kimi deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün bir imkan kimi nəzərdən keçirilməlidir: "O, yeni imkanlar açmaqla yanaşı, həm də birgə həll tələb edən mürəkkəb çağırışlar yaradır. Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə prioritet əhəmiyyət verir və dayanıqlı rəqəmsal gələcəyin yaradılması üçün birgə işləməyə hazırdır. Əminəm ki, bugünkü forum bu istiqamətdə qarşılıqlı fəaliyyətimizə mühüm töhfə verəcək".