Elnur Nəsibov: "Lisey və məktəblər “4Sİ Akademiyası”nın imkanlarından yararlanmaq istəyir"

İKT
  • 30 may, 2025
  • 10:52
Elnur Nəsibov: Lisey və məktəblər “4Sİ Akademiyası”nın imkanlarından yararlanmaq istəyir
Elnur Nəsibov

Azərbaycandakı bəzi lisey və məktəblər “4Sİ Akademiyası”nın verdiyi imkanlardan yararlanmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində bildirib.

"İki il öncə bizə müraciət edildikdə etiraf edim ki, çox az adam onun mahiyyətini, önəmini öncədən görə bilərdi. Ancaq biz fond olaraq onun perspektivinə inandıq. Bu gün artıq ikinci dalğanın açılışıdır. Bu iki il ərzində çox mühüm müşahidələrimiz olub. Lisenziyaların artırılması ona olan böyük marağın göstəricisidir. Bu mərhələdə bizim qarşımıza daha ciddi məsələlər qoyulmalıdır. Bu proqramın çatışmazlığı kimi bir məqama nəzər yetirilməlidir. Yalnız işə götürənlər üçün işçi hazırlanmamalıdır. Eyni zamanda iş yeri yarada bilən proqramlara üstünlük verilməlidir. Gənclərə bu platformadan aldıqları bilik və bacarıqlar əsasında konsaltinq və digər xidmətlərin yaradılmasında dəstək olaq. Düşünürəm ki, növbəti mərhələlərdə qarşımızda duran mühüm bir istiqamət məhz bu olmalıdır", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, indiyə qədər "Coursera" kurslarının 10 minə yaxın iştirakçısı olub, 1 000 lisenziya əldə olunub: "Biz növbəti mərhələdə daha böyük nəticələr gözləyirik. Fond olaraq hesab edirik ki, ali təhsil müəssisələrinin iştirak səviyyəsi çox yaxşıdır və daha da gücləndirilməsi mümkündür. Birgə şəkildə təhsil, eyni zamanda ümumtəhsil müəssisələrində onların təqdimatları olmalıdır. Bura həm onlayn, həm də oflayn formalar daxildir".