Qarşıdakı illərdə Azərbaycan ərazisinin 70 %-nin DAB+ (Digital Audio Broadcasting Plus) rəqəmsal radio yayımla əhatə olunması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu “Teleradio” İstehsalat Birliyinin Baş direktoru vəzifəsini icra edən Elman Həsənov “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” adlı tədbirdə deyib.
"DAB+ texnologiyaları 55-dən çox ölkədə tətbiq edilir. Əsasən Avropa, Avstraliya və bəzi Asiya-Afrika ölkələrində istifadə olunur. Bu texnologiya bir tezlikdə 12-18 FM (Frequency Modulation) kanalın yayımına imkan verir. İlkin mərhələdə Bakı teleqüllə kompleksi və Ağsu rayonunda yerləşən Gülüstan stansiyasında 3 kilovatlıq DAB+ vericinin quraşdırılması nəzərdə tutulub. 2024-cü ilin sonuna kimi bunun reallaşdırılacağı gözlənilir", - deyə o qeyd edib.
E. Həsənov bildirib ki, sonrakı illərdə daha 10 stansiyada DAB+ vericinin quraşdırılması, beləliklə də ölkənin 70 %-nin əhatə olunması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanın ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planında 2024-2028-ci illər ərzində ölkədə FM analoq radio yayımından DAB+ rəqəmsal radio yayımına keçid üzrə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Hazırda rəqəmsal radio yayımına keçidlə əlaqədar dünyada bir neçə standart işlənilib hazırlansa da Avropada və digər dünya ölkələrində DAB+ standartının tətbiqi məqsədəuyğun hesab edilib. DAB+ radio yayımının tətbiqi nəticəsində tezlik resurslarından istifadəyə qənaət edilməsi (bir tezlik kanalında 12 və daha çox radioproqramın yayımı); elektrik enerjisinə və stansiyaların istismar xərclərinə qənaət edilməsi (hazırda respublikada 98 FM analoq vericisinin mövcud proqram sayına uyğun təxminən 30-35 DAB+ vericisi ilə əvəz edilməsi) mümkün olacaq.