Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

İKT
  • 21 avqust, 2025
  • 17:38
Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəis təyin edilib.

"Report" xəbər verir ki, bu, Fərid Zeynalovdur.

O, Xidmətin rəhbərliyində Samir Rəsulovu əvəz edib.

Fərid Zeynalov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001–2006-cı illərdə Milli Aviasiya Akademiyasında təhsil alıb. O, CISA (Certified Information Systems Auditor), CISSP (Certified Information Systems Security Professional), CISM (Certified Information Security Manager) və CCSP (Certified Cloud Security Professional) kimi beynəlxalq informasiya təhlükəsizliyi sertifikatlarına malikdir. Bu sertifikatlar informasiya təhlükəsizliyi auditi, idarəetməsi, strategiyası və bulud texnologiyaları təhlükəsizliyi sahələrində yüksək peşəkarlıq göstəricisidir.

Fərid Zeynalov bank, dövlət və İKT sektorunda fəaliyyət göstərən təşkilatlarda informasiya təhlükəsizliyi sahəsində 17 ildən artıq müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2011–2017-ci illərdə “Kapital Bank”da , 2017–2020-ci illərdə “Gilan Holding”də, 2020–2025-ci illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya təhlükəsizliyi rəhbəri, həmçinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini vəzifələrində fəaliyyət göstərib.

Peşəkar karyerası boyunca informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə bir sıra irimiqyaslı layihələrin icrasına rəhbərlik edib.

ETX ölkə Prezidentinin "Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında 12 yanvar 2018-ci il tarixli fərmanı ilə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti