Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsi üzrə kadr hazırlığı istiqamətində Dövlət Gömrük Komitəsinin Akademiyasına dəstək göstərməyə hazırdır.
"Report"un məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının "Cyber 360" kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Elektron Təhlükəsizlik Xidməti də öz növbəsində sahə üzrə kadr hazırlığı və tədqiqatların aparılması istiqamətində ali təhsil ocağına dəstək verə bilər.
S.Rəsulov bildirib ki, texnologiyaların inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi kibertəhlükəsizliyin daim diqqət mərkəzində saxlanılmasını tələb edir: “Çox sevindirici haldır ki, artıq ölkəmizdə kibertəhlükəsizlik üzrə kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrində bu tipli tətbiq laboratoriyalarının yaradılmasına başlanılıb”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “Cyber 360” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (Infraskope SIEM++, Dataskope – Database Activity Monitoring and Prevention, Infraskope Screen Recorder) "Karmasis" kibertəhlükəsizlik məhsullarındanı istifadə etmə və beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcəkdir.
Tələbələr Infraskope SIEM++ vasitəsilə Windows, Linux, şəbəkə cihazları, proqram serverləri və s. kimi mənbələrdən gələn log məlumatlarını idarə etməyi, DATASKOPE məhsulunun vasitəsilə kritik verilənlər bazası sistemlərinə girişlərin və yerinə yetirilən dəyişikliklərin gözlənildiyi, planlaşdırıldığı və arzu edildiyi kimi olmasını təmin etməyi, Infraskope Screen Recorder proqram təminatı vasitəsilə isə kritik serverlərdə və ya iş stansiyalarında baş verən əməliyyatları mərkəzləşdirilmiş şəkildə rekord edib saxlamağı öyrənəcəklər.