Bu il Azərbaycanda keçiriləcək "TEKNOFEST" tədbirinin detalları açıqlanıb

Bu il Azərbaycanda keçiriləcək "TEKNOFEST" tədbirinin detalları açıqlanıb Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm fin
İKT
7 Fevral , 2022 10:19
Bu il Azərbaycanda keçiriləcək TEKNOFEST tədbirinin detalları açıqlanıb

Mayın 26-29-da Azərbaycanda ilk dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşkilatçılığı ilə keçiriləcək “TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı azərbaycanlı və türk pilotların təqdimatında aviaşou, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, “TAKE OFF” Azərbaycan startap sammiti, konsert proqramı və digər sürprizlərlə yadda qalacaq.

"Report" xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında nazir Rəşad Nəbiyev bildirib.

Tədbirdə “TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar da iştirak edib. O, bildirib ki, “TEKNOFEST” Türkiyədə Sənaye və Texnologiya Nazirliyinin, T3 Vakfının birgə təşkilatçılığı, 60-dan çox dövlət qurumu, ali məktəb və özəl şirkətin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Festivalın keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat və ətraf mühitin qorunması kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

R.Nəbiyev deyib ki, Azərbaycanın ev sahibliyi edəcəyi tədbir “Bakı Kristal Zalı” MMC və Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq. Festival çərçivəsində yarışlar “Robotexnika”, “Yaşıl texnologiyalar (GreenTech)”, “Aqrar texnologiyalar (AgriTech)”, “Pilotsuz uçuş aparatları (PUA)”, “Həvəskar peyk modelləşdirilməsi”, “Sosial yönümlü texnologiyalar”, “Smart Qarabağ” Hakatonu, “Sailplaner”, “Baku Skills”, “Rocket League” oyunu üzrə Avropa kuboku daxil olmaqla 10 müsabiqə üzrə keçiriləcək.

Yarışların əsas tərəfdaşları Energetika Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, NİNN-ə məxsus Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi, Kosmik Agentlik, “AzInTelecom” MMC, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Kiber İdman Federasiyası, "Azərbaycan Beynəlxalq Bankı" ASC, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və çıxış edir.

Tədbirin davamında Türkiyədən gəlmiş bir qrup tələbə səhnəyə dəvət edilib və onların uğurları barədə məlumat verilib. Bildirilib ki, Türkiyənin “Grizu-263A” adlı ilk mini-peyki İlon Maskın “SpaceX” raketi ilə kosmosa göndərilib. Peyki Türkiyənin Zonquldak şəhərindəki Bülent Ecevit Universitetinin Mühəndislik fakültəsinin tələbələri hazırlayıb. 1992-ci ildə Zonquldak mədənində baş vermiş partlayışda həlak olmuş mədənçilərin adını daşıyan peyk kosmosa ABŞ-ın Floridadakı “Cape Canaveral” kosmodromundan qalxıb. Peyk təxminən 525 km yüksəklikdə 4 il 8 ay müddətində xidmət göstərəcək.

Sonra “Robotexnika” müsabiqəsinə qatılmış, 6 şəhid övladından ibarət “Zəfər” komandasının təqdimatı dinlənilib. Şəhidlərimizin yadigarları “TEKNOFEST”in ölkəmizdə keçiriləcəyi xəbərini çox sevinclə qarşıladıqlarını və iştirak etməkdən məmnun olduqlarını dilə gətiriblər.

Xatırladaq ki, ötən il İstanbulda keçirilmiş “TEKNOFEST 2021”də Azərbaycan Pavilyonunda 11 startapımız nümayiş etdirilib. Startaplar kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edib.

Son xəbərlər

Orphus sistemi