Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir Bu gün Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.
İKT
24 Avqust , 2022 14:29
Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

Bu gün Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbir qurumun dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə baş tutub və 3 gün davam edəcək.

Konfransda çıxış edən nazir müavini Rövşən Rüstəmov bildirib ki, Prezident İlham Əliyev elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Bunun nəticəsidir ki, ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir.

O, əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfrans uzun illərdir uğurla təşkil olunur: "Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi təd qiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir. “Konfransın əsərləri 2018 və 2020-ci illərdə “Web of Science” bazasına daxil olub. Məhz həmin illərdə Azərbaycan alimlərinin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında 1-ci yerə çıxıb”.

R.Rüstəmovun sözlərinə görə, Azərbaycan təbii resurslardan asılı iqtisadiyyatdan innovasiyaya əsaslanan iqtisadiyyata keçid etmək istəyir: "Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi aydın şəkildə ifadə olunub. Yaradıcı və innovativ cəmiyyətə aparacaq yolda rəqəmsal transformasiya əsas amillərdəndir. Konfransın bəzi bölmələrinə təqdim olunan məqalələr də birbaşa rəqəmsal realizasiyalarla bağlıdır".

Nazir müavini beynəlxalq tədbirdə aparılacaq müzakirələrin ölkəmizdə rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, alimlərimizin konfransda dinləniləcək məruzələrdən istifadə edərək Azərbaycanda elmtutumlu tətbiqi işlər aparacağına, sənaye və iqtisadiyyatımızın inkişafına dəstək göstərəcəklərinə inandığını bildirib.

COIA idarəetmə və optimallaşdırma sahəsində müxtəlif ölkələrdən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır. Konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda, 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur.

“COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30 ölkənin tanınmış alimləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi