Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək qonaqlar üçün "Azərbaycan Hava Yolları" və "Türk Hava Yolları" şirkətləri biletləri güzəştli qiymətə satacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departamentinin direktoru Rəna Cəfərova konqresə dair keçirilən brifinqdə deyib.
R.Cəfərovanın sözlərinə görə, bununla bağlı artıq hər iki aviaşirkətlə razılıq əldə edilib:
“Biz konqresdə təxminən 6 000 qonağın iştirakını gözləyirik. Qonaqlarımız üçün müxtəlif mədəni turlar da təşkil ediləcək. Həmçinin konqresdə NASA (ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi) və digər qurumların "Boeing", "Airbus" və başqa bu kimi qlobal şirkətlərin stendləri olacaq”.
Xatırladaq ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi planlaşdırılır.