“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib.
İKT
27 Dekabr , 2024 10:04
“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ödəniş ekosistemində “bulud” xidmətləri üzrə qlobal standartları müəyyən edən “PCI DSS Certificate of Compliance” sertifikatını əldə edib.

Şirkət MDB məkanında “PCI DSS” sertifikatının 4.0.1 versiyasını əldə edən ilk “bulud” provayderi olub. Bununla da “AzInTelecom”a məxsus Bakı Əsas Data Mərkəzinin maliyyə qurumları üçün “bulud” xidmətləri göstərmə uyğunluğu təsdiqlənib. Artıq “AzInTelecom” həm “bulud”, həm də yerləşdirmə üzrə “PCI DSS” uyğunluq sertifikatına malikdir. Bu isə o deməkdir ki, maliyyə sahəsində fəaliyyət göstərən bütün qurumlar artıq “AzInTelecom”dan “bulud” xidməti əldə edə bilərlər.

Sertifikatın əldə olunması üçün əvvəlcə Azərbaycanda səlahiyyətli “Quality Veritas” şirkəti ilkin qiymətləndirilmə aparıb, müstəqil auditorlar yoxlama həyata keçirib. Audit nəticəsində uyğunluq təsdiqlənib və “AzInTelecom”a “PCI DSS Certificate of Compliance” sertifikatı təqdim edilib.

“PCI DSS” standartı 2006-cı ildə “Visa”, “MasterCard”, “American Express”, “Discover” və JCB kimi beynəlxalq ödəniş brendləri tərəfindən yaradılmış “PCI SSC” (Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası) təşkilatı tərəfindən formalaşdırılıb. Təşkilatın məqsədi ödəniş kartı məlumatlarının mühafizəsi və ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsidir.

Hazırda “AzInTelecom” iki müasir Data Mərkəz üzərindən 250-yə yaxın quruma “bulud” xidmətləri göstərir.

Son xəbərlər

Orphus sistemi