"Azərkosmos" yeni layihələrin icrasına hazırlaşır

İKT
  • 20 dekabr, 2021
  • 12:22
Azərkosmos yeni layihələrin icrasına hazırlaşır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos" ) əsas məqsədi müştəri bazasını genişləndirmək və müştərilərə yeni texnoloji sahələrdə xidmətləri təqdim etməkdir.

Bunu "Report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, dünyanın 50-ə yaxın ölkəsində kosmik agentliyi var ki, onların 80 %-ində bu qurumlar kommersiya funksiyası daşıyır: "Bizdə də Kosmik Agentlik əlavə olaraq kommersiya funksiyalarını həyata keçirir. Hazırda 41 ölkədən 200-ə yaxın müştərilərimiz var, bu istər Asiya, istər Avropa, o cümlədən Afrika şirkətləridir. Hazırkı məqsədimiz müştəri bazasını genişləndirmək və müştərilərə yeni texnoloji sahələrdə xidmətləri təqdim etməkdir. Kosmos bir qayda olaraq ənənəvi, klassik xidmət sahəsidir. Ancaq son illər yeni texnoloji xidmət sahələri var, əsas məqsədimiz göstərdiyimiz xidmətlərin effektivliyini artırmaqdır".

S. Əsədov bildirib ki, hal-hazırda "Azərkosmos" ilə əməkdaşlığa bir çox ölkələr maraq göstərir: "Bu gün Afrikanın şərq hissəsində "Azərkosmos"un xidmətlərindən kifayət qədər aktiv iştifadə edilir. Afrika ölkələrində rabitə sahəsində çətinlik çəkən ölkələr bu peykdən aktiv istifadə edirlər".

O xatırladıb ki, Azərbaycan üç peykə - iki kommunikasiya və bir yer səthinin müşahidə peykinə malikdir.

Onun sözlərinə görə, hal-hazırda həmin peyklərin istifadə imkanlarını artırmaq əsas prioritetdir: "Bununla belə, yaxın illərdə yerin müşahidə sahəsində yeni layihələr düşünürük. Bu yeni, çox yüksək ayırd etməli peyklərin orbitə çıxarılması ola bilər".

Qeyd edək ki, “Azərkosmos” bu ilin 10 ayında 39 milyon ABŞ dollarlıq xidmət ixrac edib.

Xatırladaq ki, orbitə müxtəlif məqsədləri yerinə yetirən üç Azərbaycan peyki buraxılıb: “Azərspace-1” (2013), “Azərsky” (2014) və “Azərspace-2” (2018). 8 il əvvəl Azərbaycan Fransa Qvianasındakı (Cənubi Amerika) Kuru kosmodromundan ilk telekommunikasiya peykini - “Azərspace-1”i uğurla fəzaya buraxdıqdan sonra dünya kosmik klubunun üzvü oldu.

“Azerspace-1” və “Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onların əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

“Azərsky” peykini isə Azərbaycan “Azərkosmos”la Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqavilə çərçivəsində əldə edib. Bu peyk Yer səthinin uzaqdan müşahidə edilməsinə imkan verir və sutka ərzində 6 milyon kvadratmetr ərazinin yüksək keyfiyyətli şəkillərini çəkmək üçün lazımi gücə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti