Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 42 ölkəyə 7,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nda məlumat verilib.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9 ölkə çox və 3 milyon ABŞ dolları (27,8 %) azdır.
5 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 %-ni təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Böyük Britaniya, 1,7 milyon ABŞ dolları ilə Lüksemburq, 690 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 431 min ABŞ dolları ilə Almaniya və 363 min ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Təkcə bu ilin may ayında isə “Azərkosmos” 40 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu da 1 il əvvələ nisbətən 9 ölkə çox və 0,7 milyon ABŞ dolları (30,4 %) azdır.