Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti yerli brendlər arasında "Twitter" sosial şəbəkəsində lider olub. "Report" xəbər verir ki, şirkət "Twitter" sosial şəbəkəsindəki rəsmi səhifəsində yanvar ayında müştəri istəklərinin "100% cavablama" nəticəsini əldə edib. Mobil operatorlar arasından ən cox 656 sual "Azercell"ə ünvanlanıb və bütün suallar operativ şəkildə cavablandırılıb. "Azercell" eyni zamanda 2015-ci ilin oktyabr-dekabr aylarının nəticələrinə görə də bu sahədə lider olub. Şirkət uğurlu nəticələrinə görə “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından ötən ilin IV rübü üçün “Socially devoted” (Sosial sədaqət) sertifikatına layiq görülüb.
Qeyd edək ki, "Azercell" ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə "Twitter" rəsmi “verified” (təsdiqlənmiş) statusunu alıb. Hazırda "Azercell"in "Twitter"də 90 mindən artıq izləyicisi var və bu göstəriciyə görə "Azercell" Azərbaycandakı şirkətlər və mobil operatorlar arasında birincidir.
Xatırladaq ki, "Azercell" şirkəti "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində müştəri istəklərinin 100% cavablama nəticəsini də qazanaraq yerli brendlər arasında rekord göstəriciyə imza atıb. Hələ 2012-ci ildə "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə "Azercell" ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Yüksək istifadəçi sayı ilə bərabər "Azercell" səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.