İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Rəqəmsal Transformasiya İşçi Qrupu ölkədə rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyalarının tətbiqi mövzusunda müzakirələr aparıb.
"Report" bu barədə 4SİM-ə istinadən xəbər verir.
Məlumata görə, İşçi Qrupunun rəhbəri Orxan Quliyev rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
4SİM-in icraçı direktorunun vəzifəsini icra edən Fariz Cəfərov “IV sənaye inqilabı (4Sİ) texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər, 4Sİ texnologiyalarının tətbiq imkanları və faydaları və rəqəmsallaşmanın dünya iqtisadiyyatının, o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə qısa məlumat verib.