Azərbaycan gələcək birgə kosmik təşəbbüslərin uğurla reallaşması üçün Türk Dövlətləri Təşkilatının (TDT) kosmik subyektləri arasında vahid hüquqi normaların yaradılmasını təklif edir.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən TDT-nin kosmik agentlik rəhbərlərinin IV toplantısında bildirib.
D.Bədirxanov bildirib ki, Azərbaycanın bu sahədə topladığı təcrübəni bölüşməyə tam hazırdır:
“Kosmik Fəaliyyət haqqında” Qanunun qəbul edilməsi ölkəmizin milli kosmik ambisiyalarının rəsmiləşdirilməsi baxımından mühüm addımdır. Bu sənəd beynəlxalq hüquqa, o cümlədən BMT-nin kosmik sahə üzrə müqavilələrinə uyğun hazırlanıb və dayanıqlı inkişaf üçün yol xəritəsi rolunu oynayır.”
O qeyd edib ki, türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir:
“Türk xalqları arasında ortaq mədəni irs, dil və dəyərlər mövcuddur. Son illərdə əməkdaşlığımız strateji düşüncə, praktik tərəfdaşlıq və səmimi həmrəyliyə əsaslanan yeni mərhələyə qədəm qoyub. Bu baxımdan Türk Dünyası 2040 Konsepsiyası kosmik əməkdaşlıq üçün də aydın istiqamətlər müəyyənləşdirir. Kosmosun dinc məqsədlərlə tədqiqinə və elmi inkişafımıza kollektiv öhdəlik götürürük”.
D. Bədirxanov bu kontekstdə Türk Kosmik İnnovasiyalar Fondunun yaradılmasını da önəmli hadisə kimi dəyərləndirib:
“Bu fond artıq birgə tədqiqat təşəbbüsləri, peyk proqramları, startapların inkubasiyası və texnologiyaların kommersiyalaşdırılması üçün praktiki zəmin formalaşdırır. Resurslarımızı birləşdirərək regional innovasiya ekosistemi yaradırıq”.
O, həmçinin keçən il başlanan “CubeSat”layihəsini TDT çərçivəsində əməkdaşlığın ümidverici nümunəsi kimi qiymətləndirib:
“Azərbaycan bu təşəbbüs çərçivəsində qənaətcil və miqyaslana bilən peyk modelindən istifadə etməklə texniki biliklərin paylaşılmasını və ekoloji məqsədlərə nail olunmasını hədəfləyir. CubeSat-lar karbon dioksid və metan kimi zərərli qazların emissiyalarını izləyəcək və regionun iqlim məqsədlərinə dəstək verəcək”.
Kosmik inkişafın təməlində insan faktorunun dayandığını vurğulayan D. Bədirxanov qeyd edib ki, bu sahədə uğur üçün insan kapitalına sərmayə vacibdir:
“Region üzrə istedad axınının təmin edilməsi üçün universitetlər, tədqiqat institutları və özəl sektor arasında əməkdaşlıq dərinləşdirilməlidir. Gənc mühəndislər, alimlər və sahibkarlar yetişdirilməli, kosmik siyasət liderləri formalaşdırılmalıdır. Bu istiqamətdə Azərbaycan Kosmik Akademiyası mühüm rol oynayır. Akademiya həmçinin Virtual Kosmik Akademiya platforması ilə bu imkanları daha da genişləndirəcək. Bu onlayn təşəbbüs 21 görkəmli universitetin dəstəyi ilə həyata keçiriləcək və Azərbaycanın Şərq-Qərb arasında gələcək kosmik mərkəzə çevrilməsinə töhfə verəcək”.