Azərbaycanın üç peyk layihəsinə təxminən 700 milyon manat investisiya yatırılıb.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu xərcin 85 %-i beynəlxalq banklardan cəlb edilən kreditlər hesabına formalaşıb.
“Azerspace 1” peyki orbitə buraxılanda onun müddəti 15 il nəzərdə tutulurdu. Yanacaqdan qənaətli istifadə edəndə peykin müddətini bir qədər artırmaq olur. Bu peykin istifadə müddətini təxminən 16 il 9 aya çatdırmışıq. Bir az da qənaətlə istifadə etsək bu müddəti 17 ilə çatdırarıq. “Azerspace 2” peykinin isə 2018-ci ildə müddəti 20 il nəzərdə tutulmuşdu. 2038-ci ilə qədər bu peyk çalışacaq. Yaxın dövrlərdə bizim valyuta qazancımız 1-1,5 milyard manatı keçəcək”, - S. Əsədov bildirib.
"Azərkosmos"un rəhbəri qeyd edib ki, Azərbaycanın peyklərinin sayı dayanmadan artır: "Bu istiqamətdə sadəcə qanunvericiliklə tənzimləyici səviyyədə müəyyən limitlər ola bilər, nə qədər peyk buraxılması ilə bağlı praktiki bir limit yoxdur. Peyklərin buraxılmasına beynəlxalq səviyyədə BMT-nin Beynəlxalq Kommunikasiya İttifaqı tərəfindən tənzimlənir”.