Azərbaycan dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq edəcək

Azərbaycan dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq edəcək Nazirlər Kabinetinin iyunun 23-də təsdiq etdiyi
İKT
4 iyul 2025 15:12
Azərbaycan dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq edəcək

Nazirlər Kabinetinin iyunun 23-də təsdiq etdiyi “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”na əsasən, Azərbaycanda dövlət qurumları rəqəmsal layihələrini icra etməzdən əvvəl vahid elektron platforma üzərindən həmin layihələrin texniki və iqtisadi ekspertizasını həyata keçirməlidirlər.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hər bir layihəni texniki uyğunluğu (arxitektura, inteqrasiya, və miqyaslana bilmə qabiliyyəti və s.) və büdcə səmərəliliyi (xərclərin optimallaşdırılması və gözlənilən fayda və s.) baxımından nazirlik qiymətləndirəcək. Layihələrə dair müraciətlər “Dövlət informasiya sistemləri və elektron xidmətlərin vahid reyestri”ndə fəaliyyət göstərən elektron kabinet vasitəsilə təqdim ediləcək və nazirliyin rəyi alınacaq.

Bu mexanizmin tətbiqi dövlət sektoru üzrə vahid texniki standartların formalaşdırılmasına, layihələrin daha səmərəli planlaşdırılmasına və icrasına şərait yaradacaq. Həmçinin paralel və təkrarlanan layihələrin qarşısının alınmasına, vəsait və vaxt baxımından daha qənaətli yanaşmanın təmin olunmasına xidmət edəcək.

Yeni qayda ilə elektron xidmətlərin keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnuniyyətinin artması və ümumilikdə ölkədə rəqəmsal transformasiya prosesinin sürətlənməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi