AMB: “Gələn ildən Azərbaycan banklarının kibertəhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq"

İKT
  • 10 dekabr, 2021
  • 11:36
AMB: “Gələn ildən Azərbaycan banklarının kibertəhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

“İqtisadiyyatda rəqəmsallaşma getdikcə təhlükəsizlik aspektləri də mühüm əhəmiyyət kəsb etməyə başlayır. Açıq bankçılıqda təhlükəsizlik aspektləri xüsusilə öndə olur. Azərbaycan Mərkəzi Bankı (AMB) da təhlükəsizliyi, xüsusən də informasiya və kibertəhlükəsizliyə xüsusi əhəmiyyət verir”.

Bunu “Report”a açıqlamasında AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

F.Osmanovun sözlərinə görə, bununla bağlı aidiyyəti dövlət quruları ilə birgə işçi qrupumuz var və həmin qruplar da aktiv olaraq görüşlər keçirir:

“Məhz əhalinin bu istiqamətdə maarifləndirilməsi məsələsi, banklarda və digər ödəniş təşkilatlarında informasiya və kibertəhlükəsizliyin gücləndirilməsi və təkmil səviyyəyə çatması istiqamətində müvafiq normativ sənədlər qəbul olunub. Məsələn, “Banklarda informasiya təhlükəsizliyinin idarəedilməsi” qaydaları artıq idarə heyətində təsdiq edilib və 2022-ci ilin aprelin ayının birindən qüvvəyə minəcək. Bu faktorlar məhz banklarda və digər ödəniş təşkilatlarında informasiya kibertəhlükəsizliyi səviyyəsini artırmağa xidmət edəcək”.

Qeyd edək ki, “Banklarda informasiya təhlükəsizliyinin idarəedilməsi” qaydaları ISO27001 standartlarına uyğun qurulub və onların tətbiqi şərtləri ağır olduğu üçün banklara gələn ilin aprelinə qədər möhlət verilib.

Xatırladaq ki, AMB-nin rəsmi açıqlamasına görə, bu il Azərbaycan kommersiya banklarına kiber hücümlar 3,4 dəfə (236 %) artıb.