“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 146 min bilet satışa çıxarılacaq

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 146 min bilet satışa çıxarılacaq Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti “iTicket” əməkdaşlıq haqqında razılıq imzalayıblar.
Fərdi
17 May , 2019 13:44
“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı üçün 146 min bilet satışa çıxarılacaq

Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti “iTicket” əməkdaşlıq haqqında razılıq imzalayıblar.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bununla da iTicket.az “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi olub.

Gənclər və idman naziri Azad Rəhimov iTicket.az şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: “Açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, bütün bunlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq və bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün şərait yaradacaq”.

iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov isə Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmaqdan qürur duyduqlarını söyləyib: “Zamanında bu cür beynəlxalq hadisələrdən əldə etdiyimiz təcrübəmiz bizə, “Bakı 2019”da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam verir”.

Yarış üçün satışa 146 min bilet çıxarılacaq. Biletlərin təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF "Bakı 2019"-un rəsmi veb saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 manat arasında, bağlanış mərasiminə isə 5-10 manat arasında olacaqdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.

2016-cı ildən fəaliyyət göstərən iTicket.az konsert, teatr, idman və əyləncəvi təşkilatların onlayn və oflayn bilet satışını gerçəkləşdirir. 2017-ci ildən etibarən iTicket.az IV İslam Həmrəyliyi Oyunlarının, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin, qadınlar voleybolçular arasında 2017-ci il Avropa çempionatının, UEFA Çempionlar Liqasınının qrup mərhələsinin, BMX Dünya Velosiped Çempionatının, JARA’18 Musiqi Festivalının, Azərbaycan Cüdo Festivalının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi