Yuxarı

Taleh Ziyadov: "Azad Ticarət Zonası ilə bağlı yalnız cinayət qanunvericiliyi olduğu kimi qalıb"

Azərbaycanın məqsədi təkcə tranzit ölkə olmaq deyil

"Azərbaycanın məqsədi təkcə tranzit ölkə olmaq deyil. Bu istiqamətdə gəlir az olur. Buna görə də Azad Ticarət Zonasının yaradılması vacibdir ki, proseslərə dəyər qatsın". 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunun plenar sessiyasında çıxış edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, Azad Ticarət Zonası sahəsində Azərbaycanda qəbul edilmiş qanunvericilik son 10 il üçün ən mütərəqqi nümunədir: "Burada bütün qanunlar fərqlidir. Yalnız cinayət qanunvericiliyi olduğu kimi qalıb". 

Xatırladaq ki, 2016-cı ilin martın 17-də Prezident İlham Əliyev “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. 

Bu sərəncamdan sonra 7 sentyabr 2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin tanınmış və həmin ildə illik gəliri 1 milyard ABŞ dollarına çatmış “DP World” şirkəti ilə müqavilə bağlanılıb. Dünya üzrə 78 terminala sahib “DP World” şirkəti Ələt AİZ-nin inkişaf planını hazırlayıb və cari ilin may ayının 23-də hökumətə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2017-ci il tarixli sərəncamı ilə azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi üçün Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun rəhbərliyi altında işçi qrupu da təsis olunub.

Yeni Bakı Limanının (Ələt qəsəbəsi) da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcək. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin yaradılması nəzərdə tutulubdur. Misal üçün neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və s. sahələr üzrə istehsalat sahələrinin qurulması nəzərdə tutulub.

Ümumiyyətlə, AİZ-nin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır. 2040-cı ilə qədər ölkə iqtisadiyyatının ÜDM-na kumulyativ təsiri (Cumulative impact to GDP) 57 mlrd dollar səviyyəsində hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi